Səmada müxtəlif forma və ölçülərdə buludlar görmək mümkündür. Bəziləri ağ lələkləri, digərləri pambıq parçalarını xatırladır. Elə buludlar da var ki, bütün səmanı boz örtük kimi bürüyür. Lakin maraqlıdır ki, hər bulud yağış və ya qar gətirmir. Bəs niyə bəzi buludlardan güclü yağıntılar düşür, digərləri isə saatlarla səmada qalsa da, bir damcı belə yağış yağdırmır?

Mütəxəssislər bunun səbəbini buludların quruluşu, temperaturu və onların daxilində baş verən fiziki proseslərlə əlaqələndirirlər.

Əslində, bütün buludlar çox kiçik su damcılarından, buz kristallarından və ya onların qarışığından ibarətdir.

Buludlar rütubətli havanın yuxarı qalxaraq soyuması nəticəsində yaranır. Bu zaman havadakı su buxarı toz, duz və digər xırda hissəciklərin üzərində toplanaraq su damcılarına çevrilir.

Lakin buludun yaranması hələ yağış yağacağı demək deyil. Bunun üçün su damcıları və ya buz kristalları kifayət qədər böyüməli və ağırlaşmalıdır. Yalnız bundan sonra onlar cazibə qüvvəsinin təsiri ilə yerə düşə bilər.

Yağıntıların yaranmasında iki əsas proses mühüm rol oynayır. Birinci proses zamanı buluddakı kiçik su damcıları bir-biri ilə toqquşaraq birləşir və tədricən böyüyür.

İkinci proses isə Bergeron-Findayzen mexanizmi adlanır. Bu zaman buludun daxilindəki həddindən artıq soyumuş su damcıları ilə buz kristalları arasında qarşılıqlı təsir baş verir. Su buxarı əsasən buz kristallarının üzərində toplanır və onların böyüməsinə səbəb olur. Nəticədə qar dənəcikləri əmələ gəlir. Onlar atmosferin isti təbəqələrindən keçərkən əriyərək yağış damcılarına çevrilə bilər.

Ən çox yağış yağdıran buludlar hansılardır?

Uzunmüddətli və davamlı yağışların əsas mənbələrindən biri laylı-yağış buludlarıdır (Nimbostratus).

Bu buludlar adətən tünd-boz rəngdə olur, bütün səmanı örtür və Günəşin görünməsinə imkan vermir. Onların qalınlığı böyük olduğundan daxilində həm su damcıları, həm buz kristalları, həm də qar dənəcikləri mövcud ola bilər.

Məhz belə buludlardan saatlarla davam edən yağış və ya qar yağır. Bu yağıntılar çox vaxt geniş əraziləri əhatə edir və nisbətən sabit intensivliklə davam edir.

Digər mühüm bulud növü isə topa-yağış buludlarıdır (Cumulonimbus).

Bu buludlar nəhəng qüllələri xatırladır. Bəzən onların yuxarı hissəsi zindan formasında genişlənir. Topa-yağış buludları şaquli istiqamətdə böyük hündürlüyə qədər inkişaf edə bilir.

Belə buludların daxilində güclü hava axınları yaranır. Nəticədə iri yağış damcıları, qar hissəcikləri və hətta dolu əmələ gəlir.

Güclü leysanlar, göy gurultusu, şimşək və şiddətli küləklər əsasən bu buludlarla əlaqədardır. Qış aylarında isə onlar intensiv qar yağışına və qar dənəcikləri şəklində yağıntılara səbəb ola bilər.