ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir

İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, həmçinin, hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumağa çalışmasından narahatdır.

Məlumata əsasən, İsrail ordusu İranla yeni hərbi qarşıdurmaya hazırdır və Tehranın ilk mümkün hücumuna cavab vermək üçün müdafiə hazırlığını ən yüksək səviyyəyə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, Netanyahu administrasiyası ABŞ ilə birgə hərbi əməliyyat keçirməyə üstünlük verir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyi və belə bir əməliyyatın hansı formada olacağı hələlik məlum deyil.

Qeyd olunur ki, Tramp bu həftə İranın kimyəvi və ya bioloji silah hazırlamağa cəhd göstərə biləcəyini də iddia edib, lakin bu fikrini təsdiqləyən hər hansı sübut təqdim etməyib.

ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılmasına dair atəşkəs razılaşmasının əldə olunması məqsədilə aylarla davam edən dolayı danışıqlar nəticəsiz qalıb. İran ABŞ-nin dəniz blokadasını aradan qaldırmayacağı və Tehranın irəli sürdüyü digər altı əsas şərti qəbul etməyəcəyi təqdirdə, nüvə proqramını müzakirə etməkdən imtina edir.

"CBS News"un mənbələri bildirir ki, İranla müharibə ABŞ-də Respublikaçılar Partiyasının son aralıq seçkilərdə məğlubiyyətinə təsir edən əsas amillərdən biri olub və müharibə Amerika ictimaiyyəti arasında populyarlığını itirməkdə davam edir.