ABŞ və İsrail hakimiyyət orqanları yaxın vaxtlarda İrana zərbə endirilməsi ehtimalını müzakirə edirlər.
Bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəhbərliyi İranın ballistik raket istehsalını sürətlə bərpa etməsindən, eləcə də hərbi və nüvə infrastrukturunu mümkün hücumlardan qorumaq üçün yeraltı obyektlərə köçürməsindən narahatdır.
Mənbələrin bildirdiyinə görə, İsrail Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır və yüksək döyüş hazırlığı vəziyyətindədir.
İsrailin Baş naziri Benyamin Netanyahu mümkün əməliyyata ABŞ ilə birlikdə başlamaq istəyir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirmək barədə qərar verib-vermədiyi hələlik məlum deyil. Tərəflər arasında məsləhətləşmələr davam edir.
Tramp cümə axşamı İranla bağlı gələcək addımlar barədə qərar qəbul etməyə tələsmədiyini bildirib.