Azərbaycanla ABŞ arasında texnologiyaların transferi, ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti, institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı genetikası sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib.
Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini vəzifəsini icra edən Huqo Yon ilə keçirilən görüşdə ABŞ-yə səfərim çərçivəsində baş tutmuş səmərəli görüşlərin nəticələrini bölüşdüm və ABŞ hökumətinin ölkəmizə östərdiyi davamlı dəstəyə görə təşəkkürümü ifadə etdim", - o bildirib.
Görüş zamanı Azərbaycanın 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan güzəşt və təşviq mexanizmləri, ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilib: "İnanıram ki, bu görüş Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının daha da möhkəmləndirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran prioritetlər üzrə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq".