Kuşner: Rusiya-NATO Şurası Avropada yeni təhlükəsizlik sisteminin qurulmasında mühüm rol oynaya bilər

Rusiya-NATO Şurası Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm əhəmiyyət daşıya bilər.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsindən sonrakı dövrdə Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud beynəlxalq mexanizmlərdən istifadə etmək mümkündür.

“Müharibədən sonrakı təhlükəsizlik məsələsinə toxunmaq istəyirəm. Avropada artıq üzərində işləyə biləcəyimiz geniş infrastruktur mövcuddur. Bunlardan biri də Rusiya-NATO Şurasıdır”, – deyə Kuşner qeyd edib.

ABŞ Prezidentinin nümayəndəsi vurğulayıb ki, mümkün nizamlanma çərçivəsində NATO əsas rol oynamaqda davam edəcək.

“Əlbəttə, NATO üzərində işlədiyimiz nizamlanmanın əsas dayağı olacaq. Ümid edirik ki, bu, sülhün müdafiəsini təmin etmək qabiliyyətinə malik, daha güclü və təxribatçı qüvvə kimi qəbul edilməyən NATO olacaq”, – Kuşner bildirib.