Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib

Türkiyə dünyada pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub.

Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, şirkətin öz imkanları hesabına hazırladığı “Kızılelma” pilotsuz qırıcı təyyarəsinin ilk üç nümunəsi qəbul sınaqlarını uğurla başa vurduqdan sonra noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Bu təhvilvermə ilə Türkiyə dünya aviasiyası tarixində pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub”, – şirkətin açıqlamasında qeyd edilib.

“Kızılelma” ilk dəfə 2022-ci ilin avqustunda Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş etdirilib.

Pilotsuz qırıcı MIUS döyüş aviasiya kompleksi layihəsi çərçivəsində hazırlanıb.

Təyyarənin maksimal uçuş çəkisi təxminən 6 ton, faydalı yükdaşıma qabiliyyəti isə 2 tona yaxındır.

“Kızılelma”nın 12 kilometr yüksəklikdə 5–6 saat ərzində uçuş həyata keçirə bildiyi bildirilir.