Son iki onillikdə Azərbaycanda kitabxanaların sayında kəskin azalma qeydə alınıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 19-da açıqladığı "Azərbaycanda təhsil, elm və mədəniyyət" statistik məcmuəsində yer alıb.
2010–2026-cı illəri əhatə edən hesabatdakı rəqəmlərin müqayisəsi göstərir ki, son 15 ildə ölkədəki kütləvi kitabxanaların sayı 26 faizdən çox azalıb. Məcmuəyə əsasən, 2010-cu ildə ölkədə 3 min 947 kitabxana fəaliyyət göstərdiyi halda, bu rəqəm 2015-ci ildə 3 min 242-yə, 2025-ci ildə isə 2 min 907-yə enib. Son bir ildə isə kitabxanaların sayı daha 7 vahid azalıb.
Halbuki 2009-cu ildən etibarən Azərbaycana böyük neft gəlirləri daxil olmağa başlamışdı. Kitabxanaların sayındakı ən böyük azalma da məhz 2010–2015-ci illərdən sonrakı dövrə təsadüf edir.
Rəsmilər kütləvi kitabxanaların sayındakı bu kəskin azalmanı hələlik şərh etməyiblər. Amma bu il iyunun 10-da Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib. Orada mədəniyyət naziri Adil Kərimli demişdi ki, "sovetlərdən qalma kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından bir çox problemlər var".
Hazırda Azərbaycanda elə kəndlər var ki, orada kitabxanalar fəaliyyətini tamamilə dayandırıb. Ekspertlər isə bu tendensiyanın əhalinin mədəni səviyyəsinə mənfi təsir göstərəcəyindən narahatdırlar.