PSJ komandanın kapitanı Markinyosun gələcəyi ilə bağlı qərar qəbul edib.
Bu barədə “RMC Sport” məlumat yayıb.
PSJ təcrübəli futbolçunu komandada saxlamaq qərarına gəlib. Paris klubu 32 yaşlı braziliyalı müdafiəçiyə 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif edib. Hazırda tərəflər şərtlərin müzakirəsi və danışıqlar mərhələsindədir.
Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Braziliyalı futbolçu Paris təmsilçisinin heyətində bütün turnirlərdə 531 oyuna çıxıb, 46 qol vurub və 12 məhsuldar ötürmə edib.
O, PSJ ilə 2 dəfə Çempionlar Liqasının, 11 dəfə Fransa çempionatının və Fransa Superkubokunun, 8 dəfə ölkə kubokunun qalibi olub. Bundan başqa, müdafiəçinin aktivində Fransa Liqa Kubokunun 6, UEFA Superkubokunun 2 və FİFA Qitələrarası Kubokunun 1 titulu var.