Son günlər Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MR) yanacaqdoldurma məntəqələrində uzun növbələr müşahidə olunur.
Bu barədə "Baku TV" və bir sıra yerli media orqanları məlumat yayıb. Telekanalın məlumatına görə, sakinlər Aİ-92 markalı benzin tapa bilmədikləri üçün daha baha olan yüksək oktanlı yanacaq (məsələn, Aİ-95 və ya Aİ-98) almağa məcbur qalırlar.
Bildirilir ki, Aİ-92 benzini hazırda yalnız az sayda məntəqədə satılır və bu da uzun növbələrin yaranmasına gətirib çıxarır.
Eyni zamanda, bəzi məntəqələrdə dizel yanacağının limitlə satıldığı da iddia edilir.
SOCAR: Tədarükdə azalma və gecikmə yoxdur
"Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına da avtomobil benzininin daşınması daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir".
Bunu isə məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-dən bildiriblər. Qurumun açıqlamasına görə, Naxçıvana yanacaq tədarükündə heç bir azalma və ya gecikmə yoxdur, Bakıdan yanacağın daşınmasında isə nə logistik, nə də sistemli problem yaşanır.
Şirkət hazırda təchizat zəncirində heç bir qıtlıq və ya fasilə olmadığını da diqqətə çatdırıb.
Məsələyə Naxçıvan MR-in rəsmi qurumlarından isə münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (MR) 1924-cü ildə yaradılıb. Ölkənin əsas hissəsi ilə quru sərhədi olmayan muxtar respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə – 2022-ci ildə istefaya göndərilib və bu hadisə bölgədə ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Ardınca muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Naxçıvanda əvvəlki illərdə də ara-sıra benzin qıtlığı və Bakı ilə müqayisədə qiymətlərin baha olması ilə bağlı şikayətlər eşidilib. Amma o vaxt da MR rəhbərliyi bu şikayətləri əsaslı saymayıb.