Azərbaycanda 10 ayda istehlakçılara 315 min manat geri qaytarılıb

2026-cı ilin 10 ayında Azərbaycanda istehlakçı müraciətləri üzrə 2 399 müraciətin təmin edilməsi nəticəsində 314 997,5 manat vəsaitin qaytarılması təmin edilib.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.

O qeyd edib ki, ötən ilin eyni dövründə 2 105 müraciət təmin olunub və 301 792,1 manat geri qaytarılıb. Qaytarılan vəsaitin məbləği 4,4% artıb.

“2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçı müraciətlərinin pozuntu növləri üzrə bölgüsündə ilk yeri qüsurlu malların satışı tutub. Bu halla bağlı 2 122 müraciət qeydə alınıb.

“Xidmətlərin keyfiyyətsiz və qüsurlu olması üzrə 1 684 müraciət, digər istehlakçı hüquqlarının pozulması üzrə 1 483 müraciət, müqavilə şərtlərinin pozulması üzrə 1 097 müraciət, istehlakçının tələbi ilə lazımi keyfiyyətə malik malın dəyişdirilməməsi və ya qaytarılmaması üzrə 608 müraciət, istehlakçıların aldadılması üzrə 577 müraciət və sair hallar üzrə 452 müraciət daxil olub.

Bundan əlavə, Dövlət Agentliyi ödənilmiş vəsaitin geri qaytarılmaması üzrə 242 müraciət, keyfiyyətsiz və sertifikatsız malların satılması üzrə 184 müraciət və istehlakçılara mal və xidmət haqqında məlumat verilməməsi üzrə 183 müraciət qəbul edib”.