BMT məhkəməsi Myanma təhlükəsizlik qüvvələrini rohinca müsəlmanlarının kütləvi qətlində təqsirli bildi

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Myanma təhlükəsizlik qüvvələrinin rohinca müsəlman azlığına mənsub dinc sakinlərin kütləvi qətlində iştirak etdiyini bəyan edib.

Məhkəmə sədri Yuji İvasava Haaqadakı Sülh Sarayında Qambiyanın Myanmaya qarşı iddiası üzrə qərarı açıqlayıb.

“Məhkəmə müəyyən edib ki, Myanma təhlükəsizlik qüvvələri Rohinya icmasına mənsub minlərlə dinc sakini öldürüb, kütləvi cinsi zorakılıq aktları törədib, uşaqlara qarşı son dərəcə qəddar zorakılıq tətbiq edib və kütləvi şəkildə Banqladeşə qaçmağa cəhd göstərdikləri zaman rohincalara hücum edib”, - İvasava bildirib.

Qambiya 2019-cu il noyabrın 11-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ölkə Myanmanın müvafiq konvensiya üzrə öhdəliklərini pozmasını tanınmasını, beynəlxalq hüquqazidd əməllərə son qoyulmasının tələb edilməsini, rohinca soyqırımı qurbanlarına dəymiş zərərin ödənilməsini və bu cür pozuntuların təkrarlanmayacağına dair təminatların verilməsini istəyir.

2020-ci il yanvarın 23-də məhkəmə Myanmaya qarşı müvəqqəti tədbirlər barədə qərar qəbul edib. Daha sonra ölkə hakimiyyəti məhkəmənin yurisdiksiyası və Qambiyanın müraciəti ilə bağlı ilkin etirazlar irəli sürüb. 2022-ci il iyulun 22-də məhkəmə işə baxmaq səlahiyyətinə malik olduğunu təsdiqləyib və iddianı qəbuledilən hesab edib.

İşə daha 11 dövlət də qoşulub: Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Konqo Demokratik Respublikası, İrlandiya, Kanada, Maldiv adaları, Niderland, Sloveniya və Fransa. Məhkəmə həmin ölkələrin təqdim etdiyi yazılı rəyləri kafi hesab edərək, onları şifahi dinləmələrə cəlb etməyib. İşin mahiyyəti üzrə dinləmələr 2026-cı il yanvarın 12-dən 29-dək keçirilib.

Myanma hakimiyyəti dini etiqadına görə müsəlman rohincalara vətəndaşlıq verməkdən imtina edir və onları “qanunsuz benqal miqrantları” hesab edir. Rohincalar Myanmadakı etnik ayrı-seçkilik şəraitində Banqladeşdə və Cənub-Şərqi Asiyanın digər ölkələrində sığınacaq tapmağa çalışırlar.