Tbilisi, 19 noyabr, AZƏRTAC Batumidəki “Evro-2000” liseyində “Gürcüstanın multikultural zənginliyi” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Gürcüstanın zəngin etnik və mədəni müxtəlifliyinin, xalqlar arasında dostluq və qarşılıqlı hörmət ənənələrini təbliğ etməkdir. Tədbirdə "Evro -2000" liseyində təhsil alan, eləcə də Batumidəki M.F.Axundzadə adına Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri iştirak ediblər.Azərbaycan dili məktəbinin müəllimi Aynutə Quluzadə AZƏRTAC-a bildirib ki, Azərbaycanlı şagirdlər milli musiqimizin və mədəniyyətimizin rəngarəngliyini nümayiş etdiriblər. Şagirdlərin ifasında səslənən “Şən Azərbaycan” mahnısı tədbirə xüsusi ovqat bəxş edib.Onun sözlərinə görə, Azərbaycanlı şagirdlərin tədbirdə iştirakı milli mədəniyyətimizin və musiqimizin təqdim olunması, gənc nəslin öz milli kimliyinə bağlılığının nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi