Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçirilməsini təklif edib. O bildirib ki, referendumun nəticəsindən asılı olmayaraq, müxalifətin onu hakimiyyətdən uzaqlaşdırmaq istəyi reallaşa bilər.
Paşinyan bu barədə parlamentdə keçirilən müzakirələrdən sonra danışıb.
Onun sözlərinə görə, dünən parlamentdə baş tutan müzakirələr bir çox məsələlərə aydınlıq gətirib.
Baş nazir bildirib ki, müxalifətə imtina edə bilməyəcəkləri bir təklif vermək niyyətindədir. O, təklifini ilkin olaraq parlamentdə səsləndirdiyini, lakin indi onu daha dəqiq şəkildə ifadə etmək istədiyini qeyd edib.
Paşinyanın sözlərinə görə, ilk növbədə, Ermənistanın yeni Konstitusiya layihəsi təkmilləşdirilməlidir. Lakin bu, “Real Ermənistan” ideologiyası çərçivəsində həyata keçirilməlidir.
“Yəni layihəyə dəyişikliklər edilə bilər, amma biz onu Müstəqillik Bəyannaməsi səviyyəsinə çatdırmayacağıq”, – deyə o bildirib.
Baş nazir xatırladıb ki, Müstəqillik Bəyannaməsinin Konstitusiyaya daxil edilməsi prosesi zamanı da müxtəlif siyasi qüvvələrin istəkləri nəzərə alınıb və nəticədə hazırkı vəziyyət yaranıb.
O vurğulayıb ki, yeni Konstitusiya layihəsi təkmilləşdirilsə də, “Real Ermənistan” ideologiyasının sərhədlərini aşmamalıdır.
Paşinyanın müxalifətə ikinci təklifi isə referendum keçirilməsi ilə bağlıdır. O bildirib ki, əgər xalq referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, şəxsən özü istefa verəcək. Əgər xalq Konstitusiyanı dəstəkləyərsə, növbəti parlament seçkilərində baş nazir postuna namizəd olmayacaq.
“Beləliklə, müxalifətə bu təklifi edirəm. Onlar deyirlər ki, məqsədləri məni vəzifədən uzaqlaşdırmaqdır. Mən onlara uduşsuz variant təklif edirəm. Referenduma gedirik və onun nəticəsindən asılı olmayaraq, mən gedirəm. Birinci halda sülh gündəliyi yarımçıq qalacaq, çünki faktiki olaraq bu gündəliyin mənim təqdim etdiyim formada xalqın dəstəyini qazanmadığı ortaya çıxacaq. İkinci halda isə həmin gündəliyi növbəti seçkilərə qədər həyata keçirəcəyəm və seçkilərdə artıq baş nazirliyə namizəd olmayacağam. Beləliklə, onların əsas problemi həll olunacaq”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, müxalifət bu təklifdən imtina etməməlidir. Əks halda, hakimiyyət özü müxalifəti siyasi mübarizədə məğlub edəcək.
“Əgər müxalifət mənim vəzifədən uzaqlaşdırılmağımla bağlı bu variantlardan imtina edərsə, dünən də dediyim kimi, əminəm ki, biz mütləq onları özümüz vəzifədən uzaqlaşdıracağıq. Başqa variant yoxdur. Mən masaya üç variant qoyuram, dördüncü variant isə ümumiyyətlə mövcud deyil”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan müxalifətin hakimiyyətin xalq arasında etimadının olmadığını iddia etməsinə də münasibət bildirib.
O qeyd edib ki, əgər həqiqətən də belədirsə, müxalifət onun təklifini mümkün qədər tez qəbul etməlidir.
“Əgər xalq arasında etimadımız yoxdursa, çox yaxşı. Əksinə, onlar bu təklifi mümkün qədər tez, bir dəqiqə belə gecikmədən qəbul etməyə tələsməlidirlər”, – deyə Paşinyan bildirib.