Kritik infrastrukturlara kiberhücumların nəticələri regional və beynəlxalq xarakter ala bilər

Kritik infrastrukturların getdikcə daha çox qarşılıqlı asılı vəziyyətə düşməsi səbəbindən bir təşkilatda və ya ölkədə baş verən kiberpozuntu qısa müddətdə regional və hətta beynəlxalq təhlükəsizlik riskinə çevrilə bilər.

Trend-ə istinadən, bunu Kiberdiplomatiya Mərkəzinin koordinatoru, kibertəhlükəsizlik və süni intellekt idarəetməsi üzrə ekspert Tural Məmmədov Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan "Kritik infrastrukturun qorunması: Transsərhəd və milli təhlükəsizlik risklərinin idarə edilməsi" adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, kritik infrastruktur dedikdə ilk növbədə elektrik şəbəkələri, telekommunikasiya, nəqliyyat şəbəkələri, maliyyə sistemləri və dövlət xidmətləri nəzərdə tutulur.

Lakin hazırkı çağırışların ayrı-ayrı sistemlərin qorunmasından daha geniş olduğunu bildirən T.Məmmədov qeyd edib ki, infrastrukturlar getdikcə daha çox bir-biri ilə əlaqələnir və qarşılıqlı asılı vəziyyətə düşür.

Onun sözlərinə görə, enerji sistemləri telekommunikasiyadan, rəqəmsal xidmətlər elektrik enerjisindən asılıdır. Milli iqtisadiyyatlar isə çox vaxt öz dövlət sərhədlərindən kənara çıxan infrastrukturlara söykənir.

"Kritik infrastrukturda pozuntu bir təşkilatda və ya bir ölkədə başlaya bilər, amma onun nəticələri tez bir zamanda regional və hətta beynəlxalq xarakter ala bilər", - deyə ekspert vurğulayıb.

T.Məmmədov bildirib ki, bu qarşılıqlı asılılıq kritik infrastrukturun qorunmasını yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq əməkdaşlıq və diplomatiya məsələsinə çevirir.

O qeyd edib ki, paneldə milli təhlükəsizliyi, Avropa diplomatiyasını, Ukraynanın əməliyyat təcrübəsini və beynəlxalq təhlükəsizlik sənayesini təmsil edən iştirakçılar bir araya gəlib.

Ekspertin sözlərinə görə, müzakirələr zamanı əsas məqsəd yalnız mövcud çağırışları müəyyənləşdirməklə kifayətlənməmək, həm də praktik dərslərə, strateji prioritetlərə və əməkdaşlıq imkanlarına diqqət yetirməkdir.

T.Məmmədov panel müzakirəsinin bu istiqamətlər üzrə təcrübə və yanaşmaların bölüşdürülməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.