Prokuror keçmiş vəkilə ağır cəza istəyib

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.az-a istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə edilən sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror dövlət ittihamının müdafiəsi zamanı Namizəd Səfərovun 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti proses noyabrın 26-na təyin edilib.

Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.