Robert Pattinsonun Ceyms Bond roluna görə alacağı məbləğ bəlli oldu

Noyabrın 16-da “Amazon MGM Studios” tərəfindən növbəti “Agent 007” elan edilən britaniyalı aktyor Robert Pattinsonun bu rola seçilmə prosesi və qazancı ilə bağlı yeni məlumatlar yayılıb.

“Daily Mail” nəşrinin məlumatına görə, Pattinsona yalnız sınaq çəkilişlərində iştirak etdiyinə görə təxminən 1 milyon dollar ödənilib.

Nə aktyor, nə də studiya bu ödənişi rəsmən təsdiqləyib.

Beş filmdə “Bond” obrazını canlandırmış (sonuncusu “Ölməyə vaxt yoxdur” filmi olub) Daniel Kreyqi əvəzləyəcək Pattinsonun ümumi qazancının 76 milyon ilə 98 milyon dollar arasında qiymətləndirildiyi bildirilir. Bu məbləğin üçillik müqavilə çərçivəsində nəzərdə tutulduğu qeyd edilsə də, “Associated Press”in məlumatına əsasən, “Amazon MGM Studios” aktyorun qonorarı və müqavilə şərtləri barədə rəsmi təfərrüat açıqlamayıb.

“Amazon”un qurucusu Ceff Bezos bildirib ki, Pattinson ilkin mərhələdə əsas namizədlər sırasında deyildi. Əvvəlcə Cek Louden, Kallum Törner və Coş O'Konnor nəzərdən keçirilib, sonradan yekun qərarda tərəddüd yarandığı üçün Nikolas Holt da sınaq çəkilişlərinə cəlb edilib.

Bezos seçim prosesində fəal iştirak etdiyini və namizədlərin sayının gələcək filmin kostyum, dekorasiya və səhnələrinin yer aldığı sınaq çəkilişləri üçün beş nəfərə endirildiyini bildirib.

“Əvvəlcə ona qarşı bir az qərəzli idik, çünki o, onsuz da çox məşhurdur. Lakin sınaqlar zamanı hər şey aydın oldu. O, əsl Ceyms Bonddur”, - o vurğulayıb.

Rəsmi açıqlamadan üç gün əvvəl verilən qərarı Pattinsona “Dune” filmlərində birgə işlədiyi rejissor Deni Vilnöv şəxsən çatdırıb.

Bu ekran əsəri “Amazon MGM Studios”un franşiza üzərində yaradıcılıq nəzarətini ələ almasından sonra ərsəyə gələn ilk “Ceyms Bond” layihəsi olacaq. Filmin ssenarisini “Peaky Blinders” serialının yaradıcısı Stiven Nayt yazıb, rejissor kürsüsündə isə Deni Vilnöv əyləşir. Layihənin hələlik rəsmi adı və premyera tarixi açıqlanmayıb.