ABŞ-nin süni intellekt çipləri istehsalçısı “Nvidia”nın ($NVDA) 2027-ci maliyyə ilinin üçüncü rübündə gəliri rekord səviyyəyə çatıb. Şirkətin nəticələri analitiklərin gözləntilərini üstələyib və səhmləri hesabatdan sonra təxminən 5% bahalaşıb.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə şirkətin noyabrın 17-də açıqladığı maliyyə hesabatında bildirilir.
“Nvidia”nın rüblük gəliri illik müqayisədə 103% artaraq 115,8 milyard dollara çatıb. Analitiklər 108,85 milyard dollar gözləyirdilər.
Şirkətin xalis mənfəəti 105% artaraq 65,3 milyard dollar, səhm üzrə düzəliş edilmiş mənfəəti (EPS) isə 2,68 dollar təşkil edib. Analitiklərin EPS proqnozu 2,47 dollar idi.
Gəlirlərin əsas hissəsi süni intellekt infrastrukturu ilə bağlıdır. Məlumat mərkəzləri seqmentinin gəliri illik 110% artaraq 107,6 milyard dollara yüksəlib və 101,87 milyard dollarlıq proqnozu üstələyib.
Hesablama və şəbəkə sistemlərindən gəlir 106 milyard dollar, iri bulud müştərilərindən gəlir isə 60,1 milyard dollar təşkil edib.
“Nvidia” dördüncü rübdə gəlirinin 127,4–132,6 milyard dollar arasında olacağını proqnozlaşdırır. Analitiklərin orta gözləntisi 125,25 milyard dollardır.
Şirkətin düzəliş edilmiş ümumi mənfəət marjası 74,9% olub. Növbəti rüb üçün 71–72% səviyyəsi gözlənilir.
Sentyabrda direktorlar şurası səhmlərin geri alınması proqramını əlavə 150 milyard dollar artırıb. Üçüncü rübdə səhmdarlara 28,1 milyard dollar qaytarılıb.
Şirkət güclü maliyyə nəticələrini süni intellekt infrastrukturu üçün davam edən yüksək tələbatla əlaqələndirir.