Fermerlərin nəzərinə - Agentlik sədrindən subsidiyalarla bağlı açıqlama

“Kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiya aktivliyinin artırılması və aqrar sahədə sahibkarlığın inkişafı istiqamətində dövlət dəstəyi mexanizmlərini həyata keçirilir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Agentliyin güzəştli kreditlər, mikrokredit, lizinq alətləri, müxtəlif təyinatlı subsidiyalar və digər dövlət dəstəyi mexanizmləri fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarını genişləndirir:

"Eyni zamanda, bu mexanizmlər müasir texnologiyaların və innovasiyaların tətbiqinə, yeni təsərrüfatların yaradılmasına şərait yaradır. Agentlik bu baxımdan dövlətlə sahibkar arasında əlaqələndirici və körpü rolunu oynayır".

Qurum rəsmisi qeyd edib ki, dövlət dəstəyi investisiyanın məqsədi deyil, onun həyata keçirilməsinə xidmət edən alət olmalıdır:

"Sahibkarlar investisiya qərarlarını subsidiya məbləğinə deyil, biznesin iqtisadi məntiqinə əsasən verməlidirlər. Əsas məqsəd dövlət dəstəyindən və subsidiyalardan asılı olmayan, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sahibkarlığın formalaşdırılmasıdır".

Agentlik sədri vurğulayıb ki, aqrar sahədə yalnız iş yerlərinin sayının deyil, daha məhsuldar və yüksək gəlirli məşğulluğun formalaşması da vacibdir.

Günay Şahmar, Bizim.Media