Bakı, 19 noyabr, AZƏRTACAzərbaycan və İraq türkmanları arasında əlaqələrin dərin tarixi, dil və mədəni əsasları var. Hər iki xalqı birləşdirən ortaq köklər, xüsusilə Oğuz irsi, dil və ləhcə yaxınlığı bu münasibətlərin inkişafı üçün mühüm zəmin yaradır. Bu bağlılığın qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də mövcud əlaqələrin yeni əməkdaşlıq istiqamətləri üzrə genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərbaycan-İraq türkmanları mədəni əlaqələr üzrə Koordinasiya Şurası”nın sədri, Bağdad Universitetinin professoru Mahmud Xəlil Cayırlı “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan və İraq türkmanları arasındakı yaxınlığı, ilk növbədə, dil amili ilə izah etmək mümkündür. Hər iki xalqın dil və ləhcəsindəki oxşarlıqlar onların ortaq Oğuz köklərinə bağlılığını göstərir.“Biz Azərbaycanla birik. Ləhcəmiz, dilimiz yaxındır. Tarixi köklərimizə nəzər salsaq görərik ki, hər ikimiz Oğuz irsinə bağlıyıq. Azərbaycan xalqı ilə İraq türkmanlarını birləşdirən əsas amillərdən biri də məhz bu ortaq dil və ləhcədir”, - deyə professor qeyd edib.Mahmud Xəlil Cayırlı bildirib ki, ortaq dil, tarix və mədəniyyət iki xalq arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. “Əsas məsələ bu yaxınlığı konkret təşəbbüslərlə möhkəmləndirmək və qarşılıqlı əlaqələri davamlı xarakterə çevirməkdir", - deyə Mahmud Xəlil Cayırlı vurğulayıb. Fotoqraf - Aydın Məmmədov