Səfir: Parlament heyətimizin səfəri Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını möhkəmləndirib

Ukrayna Ali Radasının nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və parlamentlərarası dialoqun inkişafı, eləcə də gələcək əməkdaşlıq perspektivlərinin genişləndirilməsi yolunda növbəti addım oldu.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu həftə Ukrayna nümayəndə heyəti əməkdaşlığın qurulması, Azərbaycanın qaçqın və məcburi köçkünlərin dəstəklənməsi, müharibə nəticəsində zərər çəkmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması ilə bağlı təcrübəsi ilə tanış olmaq üçün Bakıya səfər edib.

Səfər çərçivəsində Ali Radanın nümayəndələri Milli Məclisdə olub, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əlibaba Məhərrəmzadə və digər deputatlarla görüş keçiriblər.

Bundan başqa, Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüş keçirilib.

"Görüşlər zamanı Ukrayna tərəfi Kiyevə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. Tərəflər məcburi köçkünlərin sosial müdafiəsi, əhalinin məşğulluğu və reinteqrasiyası məsələlərini ətraflı müzakirə ediblər. Həm Ukraynaya, həm də Azərbaycana faydalı ola biləcək praktiki təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib", - Y.Qusev yazıb.