Bakı, 19 noyabr, AZƏRTAC AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şahdağ Milli Parkı.Şahdağ Milli Parkının Qusar və Quba bölməsindəyik. Magistral yoldan ayrılıb Quba istiqamətinə üz tutduqca qızılı payızın izləri hər addımda daha aydın sezilir. Saralmış yarpaqlar ağacların budaqlarından sanki zərif işıq saçır, yolun hər iki tərəfi isə qızılı rənglərə bürünüb.Parkın ərazisinə yaxınlaşdıqca mənzərə də dəyişir. Bir müddət sonra adi avtomobillə irəliləmək mümkün olmur və UAZ-la hərəkət edirik. Yüksəyə doğru qalxdıqca hava soyuyur, qızılı yarpaqlı ağaclar tədricən yerini qarla örtülmüş budaqlara verir. Bir neçə kilometr əvvəl ətrafımızda payızın qızılı rəngləri görünürdüsə, daha yüksəklərdə qış nəfəs alır. Elə bil bir yol boyunca iki fəsil arasından keçirik.Şahdağ Milli Parkının ümumi sahəsi 130 min hektardan çoxdur. Park Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının ərazilərində yerləşir. Burada dağ meşələri, alp çəmənlikləri və qayalıqlar bir-birini əvəz edir. Hər yüksəklikdə fərqli təbiət mənzərəsi ilə qarşılaşırıq.Parkın bitki örtüyü də zəngindir. Şərq palıdı, Qafqaz vələsi, Şərq fıstığı, göyrüş və qaraçöhrə meşələrin başlıca sakinləridir. Yüksəklik və iqlimdən asılı olaraq alma, armud, yemişan, itburnu, böyürtkən və zirinc kolları da payızın rəngarəng palitrasına öz çalarlarını qatır.Bu meşələr və dağlar çoxsaylı vəhşi heyvanın doğma yurdudur. Şərqi Qafqaz turu, çöl donuzu, canavar, tülkü, çaqqal, dovşan, dələ və porsuq parkın faunasının üzvləridir. Qonur ayı, nəcib maral, Avropa cüyürü, Qafqaz köpgəri, vaşaq, bərqud və imperator qartalı isə Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş nadir növlərdəndir.Burada təbiətin sərvəti təkcə göz oxşayan qızılı mənzərələrlə bitmir. Hər ağac, hər bitki, hər canlı bu böyük ekosistemin ayrılmaz parçasıdır. Şahdağ Milli Parkının qorunması bu zərif təbii tarazlığı və nadir canlıları gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Müxbir – Rəşad Türkoğlu