“Apple” xidmətlərində qlobal nasazlığın səbəbi məlum olub

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin xidmətlərində baş verən genişmiqyaslı nasazlığa daxili sistem yeniləməsi səbəb olub.

“Bloomberg“ agentliyinin məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

“Daxili yeniləmənin yaratdığı nasazlıqlardan sonra sistemlərimizin əksəriyyətinin fəaliyyəti bərpa olunub. Qalan sistemlərin də mümkün qədər tez işə salınması üzərində çalışırıq”, – açıqlamada qeyd olunub.

Şirkət problemlərin kiberhücumla əlaqəli olmadığını xüsusi vurğulayıb.

“Bloomberg“in mənbələrinin məlumatına görə, nasazlıq təkcə istifadəçilərə təqdim olunan xidmətlərə deyil, şirkətin daxili sistemlərinə də təsir göstərib.

Belə ki, əməkdaşların avtorizasiya sistemi, korporativ təqvimlər, məsafədən işləmək üçün istifadə olunan virtual şəbəkə və texniki nasazlıqların izlənildiyi daxili saytın fəaliyyətində problemlər yaranıb.

Nəticədə bir çox əməkdaş bir neçə saat ərzində işini davam etdirə bilməyib.

Bundan başqa, texniki problemlər “Apple”ın dünya üzrə mağazalarına da təsir göstərib. Məhsul satışında, cihazların təmirində və müştərilərə xidmət prosesində fasilələr qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl istifadəçilər “Apple ID”, “iCloud”, “App Store”, “Apple Pay” və “Apple Music” xidmətlərinin fəaliyyətində çətinliklərlə üzləşdiklərini bildirmişdilər.