BDU-ya rektor təyin olunan Məleykə Abbaszadə nələri dəyişəcək?

Azərbaycanın təhsil sistemində son 32 ilin ən mühüm kadr dəyişikliklərindən biri baş verib. Uzun illər ali məktəblərə qəbul və imtahan sisteminə rəhbərlik edən Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Bu qərar təkcə rəhbər şəxsin dəyişməsi deyil, həm də ölkənin 30 ildən artıq formalaşmış qəbul və qiymətləndirmə sisteminin gələcəyi ilə bağlı suallar doğurur.

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev Musavat.com-a açıqlamasında DİM-də rəhbər dəyişikliyinin qəbul və imtahan sisteminə ciddi təsir göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadənin uzun illər ərzində formalaşdırdığı sistem kifayət qədər şəffaf və dəqiqdir, bu səbəbdən yaxın gələcəkdə köklü dəyişikliklər gözlənilmir: "Cəmiyyətin böyük hissəsi bu sistemdən razıdır. Biliklərin obyektiv qiymətləndirilməsi, şəffaflığın və obyektivliyin təmin olunması insanların gözləntilərini doğruldub. Əminliklə deyə bilərəm ki, Məleykə xanımı əvəz edən şəxs bu sistemi köklü şəkildə dəyişmək iqtidarında olmayacaq. Sistemi daha da inkişaf etdirmək, irəli aparmaq üçün müəyyən addımlar atıla bilər. Amma bu, çox həssas qurumdur və cəmiyyətin DİM-dən gözləntiləri zaman-zaman müsbət nəticələrlə öz təsdiqini tapıb".

Fikrinin davamında Etibar Əliyev qeyd edib:

"Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunmasını da müsbət hal hesab edirəm. O, elmi və təhsili mükəmməl bilən, dürüstlüyü və vicdanı ilə dövlətə, Vətənə xidmət edən bir şəxsiyyətdir. Düşünürəm ki, Bakı Dövlət Universitetinin inkişafı, beynəlxalq reytinqlərdə layiqli yer tutması üçün əlindən gələni əsirgəməyəcək. Çünki kifayət qədər təcrübəyə malikdir. Məleykə xanım həddindən artıq obyektiv və savadlıdır. Hesab edirəm ki, onun BDU-ya təyinatı universitet üçün çox düşərli bir kadr qərarıdır.

Bu gün bütün dünyada inkişafın əsasını universitetlər təşkil edir. Universitetləri inkişaf edən ölkələrdə ali təhsilin iqtisadiyyata, cəmiyyətə və gələcəyə təsiri böyükdür, insanlarda gələcəyə dair optimist düşüncələr formalaşdırır. Bakı Dövlət Universiteti bizim ən qədim universitetimizdir. Cümhuriyyət dövründə yaradılıb, ümummilli lider Heydər Əliyev də bu ali məktəbi bitirib.

Hazırda dünyada sürətlə inkişaf edən universitet modellərini araşdırır, müşahidələr aparırıq. Həmin universitetlər gələcək üçün mütəxəssis hazırlığında mühüm rol oynayırlar. Ona görə də hesab edirəm ki, Məleykə xanımın universitetə təyinatı elə ilk gündən BDU-da dönüş yaradacaq və hamımızın qürur mənbəyi olan universitetin inkişafına təkan verəcək.

DİM-də idarəçilik sistemi, iyerarxiya, elmi yanaşma və müasir idarəetmə prinsipləri kifayət qədər yüksək səviyyədə qurulub. Buna görə də yaxın bir neçə ildə burada cəmiyyətin gözləntilərini doğrultmayacaq, sistemin əsaslarını sarsıdacaq köklü dəyişikliklərin aparılması mümkün deyil".