Bu il fermerlərə 304 milyon manatlıq texnika və avadanlıq maliyyələşdirilib

2026-cı ildə 304 milyon manat dəyərində 10 208 ədəd kənd təsərrüfatı texnikası və avadanlığının alınması maliyyələşdirilib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib.

Onun sözlərinə görə, maliyyələşdirilən texnikalar arasında 85 kombayn və 1 865 kənd təsərrüfatı təyinatlı traktor da var.

Agentlik sədri qeyd edib ki, bu məqsədlə 70 milyon manat kredit və lizinq vəsaiti, 108 milyon manat güzəşt ayrılıb. Müasir suvarma sistemlərinin quraşdırılması üçün isə 13,2 milyon manat güzəşt verilib. Bu vəsait hesabına 7 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb.

Camalovun sözlərinə görə, dövlət proqramı çərçivəsində cari ildə bu sahəyə dövlət büdcəsindən əlavə vəsait ayrılıb. İlin sonunadək təqdim ediləcək güzəştlərin həcminin 130 milyon manata çatacağı gözlənilir.

O əlavə edib ki, texnika kreditləri də daxil olmaqla, mikro və nağd kreditlər üzrə cari ildə fermerlərə ümumilikdə 100 milyon manatdan çox kredit və lizinq vəsaiti təqdim olunub.

Agentlik sədri fermerlərin kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni pilot layihə üzərində də iş aparıldığını açıqlayıb. Onun sözlərinə görə, dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılması nəzərdə tutulur.