Pakistanın sabiq baş naziri İmran Xan səhhətinin pisləşdiyini əsas gətirərək həbsxanada ona təcili tibbi yardım göstərilməsi üçün müraciət edib.
Bu barədə onun Pakistan Ali Məhkəməsinin sədrinə ünvanladığı məktubda qeyd olunub.
74 yaşlı siyasətçi həkimlərin onu beyin qanaması və ürək dayanması riski barədə xəbərdar etdiyini bildirib. O, uzun müddət təkadamlıq kamerada saxlanılmasının psixoloji sağlamlığına da mənfi təsir göstərdiyini vurğulayıb.
İmran Xan həbsdə olan həyat yoldaşı Büşra Bibinin də görmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üzləşdiyini qeyd edib.
Xatırladaq ki, İmran Xan 2022-ci ildə etimadsızlıq səsverməsi nəticəsində baş nazir vəzifəsini itirib. Bundan sonra o, bir sıra korrupsiya ittihamları ilə üzləşib. Sabiq baş nazir ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirir. Pakistan hökuməti isə bu iddialarla razılaşmır.