Milli Məclisdə birinci oxunuşda qəbul edilən “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi aztəminatlı və digər həssas əhali qruplarının hüquqi xidmətlərə əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır, qanun qəbul edilərək qüvvəyə mindikdən sonra onun praktik tətbiqi necə təmin olunacaq?
Vətəndaşların pulsuz hüquqi yardıma müraciət qaydası, bu xidmətin göstərilməsi mexanizmi, keyfiyyətinə nəzarət və maliyyələşmə məsələləri necə tənzimlənəcək?
Moderator.az- ın suallarını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavablandırıb.
Komitə sədri qeyd edib ki, “Pulsuz hüquqi yardım haqqında” qanunun əsas uğur meyarı onun kağız üzərində mövcudluğu deyil, hüquqi yardıma ehtiyacı olan vətəndaşın real həyatda bu xidməti vaxtında, keyfiyyətli və heç bir maddi maneə olmadan əldə edə bilməsidir:
"İlk növbədə qeyd edim ki, layihə pulsuz hüquqi yardımın iki istiqamətdə – ilkin və peşəkar hüquqi yardım formasında təşkilini nəzərdə tutur. İlkin hüquqi yardım vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılmasını, qanunvericiliyin izahını, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanmasına köməklik göstərilməsini əhatə edəcək.
Bu mərhələdə paraleqallar institutunun yaradılması da nəzərdə tutulur. Yəni xüsusi hazırlıq keçmiş, sertifikat almış ali təhsilli şəxslər də ilkin hüquqi yardımın göstərilməsinə cəlb olunacaqlar.
Peşəkar hüquqi yardım isə daha mürəkkəb hüquqi məsələləri, o cümlədən məhkəmələrdə və istintaq orqanlarında müdafiə və təmsilçilik fəaliyyətini əhatə edəcək. Bu xidmətlərin əsas icraçıları vəkillər olacaq.
Beləliklə, məqsəd yalnız vətəndaşa hüquqi məsləhət vermək deyil, ehtiyac yarandıqda onun hüquqlarının müdafiəsini peşəkar səviyyədə təmin etməkdir.
Vətəndaşların bu xidmətdən necə yararlanacağı məsələsinə gəldikdə, layihədə kifayət qədər konkret müraciət mexanizmi nəzərdə tutulub. Belə ki, hüquqi yardıma ehtiyacı olan şəxs və ya onun qanuni nümayəndəsi Vəkillər Kollegiyasına şəxsən, poçt vasitəsilə və ya elektron qaydada müraciət edə biləcək".
Əli Hüseynli vurğulayıb ki, müraciət zamanı şəxsin müvafiq sosial kateqoriyaya aid olduğunu təsdiqləyən sənədlər təqdim olunmalıdır:
"Layihəyə əsasən, müraciətlərə yeddi iş günü ərzində baxılması nəzərdə tutulur. Müraciət müsbət qiymətləndirildikdə, vətəndaşa yardım göstərəcək şəxs müəyyənləşdirilir. İlkin hüquqi yardım isə müvafiq sənədlər təqdim edildikdən sonra üç gün ərzində göstərilməlidir.
Əsassız imtina hallarının qarşısının alınması da ayrıca təsbit olunur. Vətəndaş yardım göstərilməsindən imtina barədə qərarla razılaşmadıqda, həmin qərardan Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət edə biləcək.
Xüsusi vurğulamaq istərdim ki, bu sistemin təşkilində əsas məsuliyyət Vəkillər Kollegiyasının üzərinə düşəcək. Kollegiya pulsuz hüquqi yardım göstərən şəxslərin ərazi prinsipi üzrə reyestrini aparacaq, müraciətlərin icrasını təşkil edəcək və vətəndaşlara uyğun hüquqşünasların müəyyənləşdirilməsini təmin edəcək.
Bu zaman vətəndaşın konkret vəkilə müraciət etmək istəyi, vəkilin ixtisaslaşması, təcrübəsi və iş yükü də nəzərə alınacaq. Keyfiyyətə nəzarət məsələsi də xüsusi əhəmiyyət daşıyır. Çünki pulsuz hüquqi yardımın ödənişsiz olması onun keyfiyyətinə təsir göstərməməli, vətəndaş ödənişli xidmət alan şəxslərlə eyni peşəkarlıq və məsuliyyət standartlarına uyğun hüquqi müdafiə ilə təmin edilməlidir.
Layihədə peşəkarlıq, operativlik, effektivlik, konfidensiallıq və maraqlar toqquşmasının yolverilməzliyi əsas prinsiplər kimi müəyyən edilir. Bununla yanaşı, hüquqi yardım göstərən şəxslərin fəaliyyəti sənədləşdiriləcək, göstərilən xidmətlər üzrə uçot aparılacaq və rübdə bir dəfə Vəkillər Kollegiyasına hesabat təqdim olunacaq. Kollegiya isə bu hesabatları ümumiləşdirərək hər il ictimaiyyətə məlumat verəcək.
Burada vəkil sirrinin qorunması da təmin edilməlidir. Maliyyələşmə məsələsinə gəlincə, layihəyə əsasən, pulsuz hüquqi yardım, qanunla başqa hal nəzərdə tutulmadıqda, dövlət büdcəsindən bu məqsədlə Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına həyata keçiriləcək.
Vəkillərin və paraleqalların göstərdikləri xidmətlərə görə ödənişlərin məbləği və qaydası da qanun layihəsində müəyyənləşdirilir. Digər mühüm yenilik isə vəkillər üçün ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz hüquqi yardım göstərilməsini nəzərdə tutan “Pro Bono” öhdəliyidir.
Hesab edirəm ki, qanunun praktik nəticə verməsi üçün onun icrasına yalnız hüquqi prosedurların müəyyənləşdirilməsi kimi yanaşmaq olmaz. Burada bir neçə vacib istiqamətə diqqət yetirilməlidir: Regionlarda hüquqi yardım xidmətlərinin əlçatanlığı təmin edilməli, vətəndaşlar müraciət qaydaları barədə geniş məlumatlandırılmalı, vəkillərin və paraleqalların sayı real tələbatı ödəməli, ayrılan dövlət vəsaitinin kifayətliliyi və səmərəli istifadəsi təmin olunmalıdır.
Xüsusilə kənd və ucqar yaşayış məntəqələrində yaşayan, hüquqi xidmətlərə çıxış imkanları məhdud olan vətəndaşların bu sistemdən yararlanması üçün səyyar hüquqi yardım və elektron müraciət imkanlarının genişləndirilməsi vacibdir.
Bu qanunun əsas məqsədi də məhz hüquqi müdafiə imkanlarını genişləndirmək, sosial ədaləti gücləndirmək və hər bir vətəndaşın hüquqlarının etibarlı müdafiəsinə şərait yaratmaqdır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor