Bakı, 16 noyabr, AZƏRTAC Dəstəkli məşğulluq modeli neyromüxtəlifliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara doğru istiqamət göstərməklə onların bərabər imkanlar əsasında iş sahibi olmalarını təmin edir. Azərbaycanda da biz artıq üç ildən çoxdur ki, bu modeli uğurla tətbiq edirik. AZƏRTAC xəbər verir ki, bunu “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “Milli Məşğulluq Forumu 2026” çərçivəsində “İmkanları fürsətlərə çevir: həssas qruplarla iş” adlı məlumat sessiyasında çıxış edərkən deyib. A Eynalova bildirib ki, prosesin ilk mərhələsində neyromüxtəlifliyi olan gənclər müəyyənləşdirilir: “Biz onların ailələri, bəzən isə birbaşa özləri ilə müsahibələr apararaq ən güclü tərəflərini üzə çıxarmağa çalışırıq. Bundan sonra uyğun iş axtarışına başlayırıq. Şirkətlərə müraciət edir, işlə təminat zəmanəti aldıqdan sonra işəgötürənlərlə əməkdaşlıq qururuq”. Birlik rəhbəri əlavə edib ki, indiyədək neyromüxtəlifliyi olan 20 gənc işə cəlb edilib. Onlardan 10 nəfəri “Kaşalata” kafedə çalışır. “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti 3 gənci işlə təmin edib, dördüncü namizədin isə işə qəbulu prosesi davam edir.“Onlar işə başladıqdan sonra təkcə özlərinin deyil, valideynlərinin və ailələrinin də həyat keyfiyyəti yüksəlib. Eyni zamanda, bu gənclərin vergi ödəyicisinə çevrilməsi ölkəmizin sosial yükünü azaldır, onların sərbəstləşməsinə, cəmiyyətə inteqrasiya olunmasına və özünəinamlarının artmasına şərait yaradır”, - deyə A. Eynalova vurğulayıb. Müxbir- Günel Türksoy Fotoqraf- Səfiyar Məcnun