Bakı, 16 noyabr, AZƏRTAC Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu “UniCredit”in Almaniyanın “Commerzbank” bankını satın almaq planına razılıq verib.AZƏRTAC xəbər verir ki, Avrokomissiyanın açıqlamasında “UniCredit”in “Commerzbank”ı satın almasının Aİ qaydaları çərçivəsində araşdırıldığı və sözügedən əməliyyatın Avropa bazarında rəqabət baxımından narahatlıq doğurmadığı qənaətinə gəlindiyi bildirilib.Qeyd olunub ki, “UniCredit”in Almaniyadakı törəmə qurumu vasitəsilə təqdim etdiyi fiziki və hüquqi şəxslər üçün bank xidmətləri “Commerzbank”ın fəaliyyəti ilə böyük ölçüdə üst-üstə düşür. Araşdırma zamanı əsas diqqət sövdələşmənin Almaniyanın bankçılıq bazarına mümkün təsirlərinə yönəldilib.Açıqlamada bildirilib ki, hər iki bankın Almaniyanın bank xidmətləri bazarındakı ümumi payı məhdud səviyyədədir. Bankların xarici ticarətin maliyyələşdirilməsi sahəsində güclü mövqeyə malik olduğu vurğulanıb. Bununla yanaşı, həmin sahədə özəl, dövlət, kooperativ və beynəlxalq banklar da daxil olmaqla çoxsaylı alternativ xidmət təminatçılarının fəaliyyət göstərdiyi qeyd edilib.Qeyd olunub ki, satınalma başa çatdıqdan sonra da Almaniyanın bankçılıq bazarında yetərli rəqabəti təmin edəcək digər maliyyə qurumları fəaliyyətlərini davam etdirəcəklər.Araşdırma çərçivəsində hər iki bankın kreditləşdirdiyi Almaniyanın ortaölçülü müəssisələrinin maliyyə resurslarına çıxış imkanları da xüsusi diqqətdə saxlanılıb. Bu sahədə də kifayət qədər rəqabətin davam edəcəyi müəyyən edilib.Avrokomissiya araşdırılan bazarların heç birində rəqabət baxımından narahatlıq doğuran hal aşkar etmədiyindən sövdələşməyə şərtsiz razılıq verib. Satınalma əməliyyatı oktyabrın 9-da Avrokomissiyaya təqdim olunub.Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərin birləşmə və satınalma əməliyyatlarına nəzarət Avrokomissiyanın səlahiyyətlərinə daxildir. Komissiya apardığı araşdırmalar zamanı bu cür əməliyyatların rəqabət qaydalarına uyğunluğunu qiymətləndirir. Rəqabətə zidd hallar aşkarlandıqda isə birləşmə və ya satınalma əməliyyatlarının qarşısını ala bilir.“UniCredit” şirkəti də yaydığı açıqlamada “Commerzbank”ın səhmlərinin mübadiləsinə əsaslanan açıq satınalma təklifinin tamamlanması üçün FED-dən razılıq aldığını bildirib. Açıqlamada bu razılığın prosesdə mühüm mərhələ olduğu və tənzimləyici qurumun əməliyyata müsbət münasibətini əks etdirdiyi vurğulanıb.“UniCredit” bu razılığı Avropa bank sektorundakı mövqeyinin daha bir təsdiqi kimi məmnunluqla qarşılayır”, – deyə şirkətin açıqlamasında bildirilib.