Estoniya hakimiyyəti Rusiya qoşunlarının mümkün işğalı ssenarisinə qarşı fəaliyyət planı hazırlayıb. Plana əsasən, ölkənin dövlət rəqəmsal resurslarının idarə olunması xaricdən həyata keçirilə biləcək.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Yeni konsepsiya mümkün hərbi müdaxilə və ya genişmiqyaslı böhran zamanı dövlət qurumlarının fəaliyyətini davam etdirməsini nəzərdə tutur. Bunun üçün dövlət informasiya sistemlərinin bulud infrastrukturuna köçürülməsi planlaşdırılır. Beləliklə, məlumat mərkəzləri dağıdılsa və ya ölkə xarici nəzarətə keçsə belə, əsas dövlət xidmətləri əlçatan olacaq.
Estoniyanın artıq Lüksemburqda “rəqəmsal səfirlik” adlanan ehtiyat məlumat bazası mövcuddur. Burada əhali reyestri, torpaq kadastrı və milli qanunvericilik də daxil olmaqla mühüm dövlət məlumatlarının surətləri saxlanılır.
Nəşrin məlumatına görə, hökumət "Microsoft Azure", "Amazon Web Services" və dövlət qurumlarının öz bulud infrastrukturundan istifadə imkanlarını nəzərdən keçirir.
Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını açıqlamışdı. O, Rusiyanın hərbi kəşfiyyatını Estoniyanın müdafiə şirkətini qarşı təxribat hazırlamaqda ittiham etsə də, buna dair sübut təqdim etməmişdi. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bu planları rusofobiya adlandırmışdı.