2026–2027-ci tədris ilində Azərbaycanda 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır. Bu çərçivədə 35 modul məktəbin təhvil verilməsi planlaşdırılır, 11 məktəb isə artıq istifadəyə verilib. Modul tipli məktəblərin inşası xüsusilə şagird sıxlığının müşahidə olunduğu ərazilərdə təhsil infrastrukturunun genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bəs modul tipli məktəblərin sayının artırılması Azərbaycanda şagird sıxlığı probleminin həlli üçün nə dərəcədə effektiv üsuldur? Bu məktəblər ənənəvi təhsil müəssisələri ilə müqayisədə tədris şəraiti və keyfiyyəti baxımından hansı üstünlüklərə və çatışmazlıqlara malikdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, bu il dövlət büdcəsində elm və təhsilə ayrılan vəsait bir qədər də artırılıb:
"Ancaq düşünürəm ki, ayrılan vəsait mövcud problemləri tam əhatə edə bilməyəcək. Çünki bilirik ki, bu gün gənc nəslin elmə və təhsilə marağı bir qədər azalıb. Bütün bunların aradan qaldırılması üçün xüsusi addımlar atılmalı, gənclərin elmə və təhsilə cəlb olunması istiqamətində müəyyən tədbirlər görülməlidir. Eyni zamanda, gənc alimlər üçün mənzil növbələri və digər sosial imkanlar yaradılmalıdır".
Ekspert əlavə etdi ki, ümumtəhsil məktəblərində şagird sıxlığı problemi mövcuddur:
"Bunun aradan qaldırılması üçün yeni məktəblər və əlavə korpuslar tikilməlidir. Məktəbəqədər təhsil müəssisələrində, yəni uşaq bağçalarında da ciddi çatışmazlıqlar mövcuddur. Bu sahə əhalinin mövcud tələbatının təxminən 37-38 faizini ödəyə bilir. Ümumilikdə, bütün bu sahələrin müvafiq normalara uyğunlaşdırılması üçün təhsil büdcəsi bir qədər də artırılmalıdır. Həm məktəbəqədər təhsil müəssisələrində, həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində çalışan gənc alimlər üçün mənzil təminatı, əməkhaqlarının artırılması kimi məsələlər nəzərdə tutulmalıdır".
Müsahibimiz hesab edir ki, kiçik həcmli modul tipli məktəblər ucqar ərazilər üçün müəyyən fayda verə bilər:
"Lakin bu məktəblər ümumilikdə mövcud problemlərin həlli və şagird sıxlığının azaldılması baxımından yetərli olmayacaq. Çünki modul tipli məktəblər əsasən şagird sayı az olan ucqar yaşayış məntəqələrində tətbiq edilir".