Son zamanlar gənclər, xüsusilə də tələbələr arasında qəfil ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Belə gənc ölüm xəbərləri insanları sarsıdır, üzüntü, nigaranlıq yaradır.
Bəs, gənc yaşlarda ürək tutması və qəfil ölüm hallarının baş verməsinin əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı News24.az-a açıqlamasında səhiyyə üzrə ekspert Adil Qeybulla qeyd edib ki, gənclərin ölümü ilə bağlı belə hallar əvvəllər də baş verib: “Sadəcə, indi hər şey daha tez ictimailəşir. Müasir informasiya vasitələri sayəsində bir hadisə dünyanın bir ucundan digər ucuna bir neçə dəqiqə ərzində yayıla bilir.
Bu baxımdan, belə hallar həmişə olub, sadəcə, ayrı-ayrı, sporadik ölüm halları kimi qeydə alınıb. Lakin hər bir gəncin ölümü diqqətlə araşdırılmalıdır. Çünki gənc insanın dünyasını dəyişməsi, əlbəttə ki, ciddi məsələdir. Yaşlı insanın ölümü fizioloji qocalıq və digər səbəblərlə əlaqələndirilə bilər. Ancaq gənc insanın ölümü ilə bağlı bütün məqamlar dəqiqləşdirilməlidir”.
Ekspertin sözlərinə görə, məhz bu səbəbdən dünyasını dəyişən hər bir şəxsin meyiti müayinə olunmalı, zərurət olduqda yarılma aparılmalıdır: “Ölümün ilkin səbəbi müəyyən edilməlidir. Ola bilər ki, həmin şəxsdə anadangəlmə xəstəlik, ürəyin WPW (Volf-Parkinson-Vayt) sindromu, mədəcik ekstrasistoliyası, tromboemboliya və ya aşağı ətrafların dərin venalarında tromboz olsun.
Bəs bu şəxslər nə vaxt müayinə olunur? Ola bilər ki, həmin tələbə bu yaşa çatana qədər heç vaxt ətraflı tibbi müayinədən keçməyib və onda hər hansı xəstəlik aşkarlanmayıb. Məsələnin əsas tərəfi də budur. Hər bir halda ölümün səbəbi araşdırılmalıdır.
İlk növbədə, burada qəsdin olub-olmadığı müəyyənləşdirilməlidir. Yəni ölüm təbii səbəblərdən baş verib, yoxsa qəsdən törədilmiş hadisədir? İkinci məsələ intihar ehtimalının olub-olmamasıdır. Üçüncü məsələ isə ölümə hansı xəstəliyin səbəb olduğunu müəyyənləşdirməkdir.
Eyni zamanda, bu cür xəstəlikləri vaxtında aşkarlamaq və qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğu araşdırılmalıdır”.
Adil Qeybulla bildirib ki, bu hallar yoxlanılmalı, səbəblər dəqiqləşdirilməli və ictimaiyyətə məlumat verilməlidir: “Belə məsələlər Səhiyyə Nazirliyinin müvafiq strukturlarında ümumiləşdirilməli və təhlil olunmalıdır. Bununla bağlı metodiki tövsiyələr hazırlanmalıdır.
Məsələyə bu cür yanaşılmalıdır. Əks halda, hadisə ilə bağlı, sadəcə məlumat verilməklə kifayətləniləcək və problem öz həllini tapmayacaq.
Düşünürəm ki, gənclərin dünyasını dəyişməsi, əlbəttə, ciddi narahatlıq doğurur. Buna görə də məsələyə çox diqqətlə, həssaslıqla və obyektiv yanaşılmalıdır”.