Azərbaycanda dövlət borcu strategiyasının yenilənməsi təklif olunur

Azərbaycanda dövlət borcunun idarə olunmasına dair strategiyanın 2027–2030-cu illəri əhatə edən dövr üçün yenidən işlənməsinə ciddi ehtiyac mövcuddur.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Daxili dövlət borcunun idarə edilməsinə aid 2022-2025-ci illəri əhatə edən orta və uzunmüddətli strategiyanın yekun bölməsində göstərilir ki, bu strategiya 2030-cu ilin sonunadək olan müddət üçün uzunmüddətli perspektivi özündə əks etdirir. Həmin sənəddə 2030-cu ilin sonuna qədər bir sıra göstəricilər barəsində məlumat təqdim edilir. Belə ki, 2025-2030-cu illər ərzində 2 milyard manata yaxın dövlət zəmanətinin verilməsi planlaşdırılır.

Növbəti ilin dövlət büdcəsi layihəsində isə dövlət zəmanətləri limiti 6 milyard manat olaraq nəzərdə tutulub. 2030-cu ilin sonuna kimi məşğul dövlət zəmanətli maliyyə öhdəliklərinin 16,8 milyard manata qədər azaldılması hədəf kimi qarşıya qoyulub. Bütün bu məqamları nəzərə alaraq belə hesab edirik ki, dövlət borcunun orta və uzunmüddətli müddətə strateji çərçivəsinin yenilənməsinə, həmçinin 2027-30-cu illəri əhatə edəcək ölkə strategiyası və büdcə xərcləri üzrə təyin olunmalı olan fiskal yüklərlə uyğunlaşdırılaraq hazırlanmasına zərurət yaranıb”, – deyə o vurğulayıb.