2026-cı ilin sentyabr ayında Azərbaycanda mənzil kirayəsi haqları ötən ilin eyni ayı ilə müqayisədə 5,7%, avqust ayına nisbətən isə 1,9% artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayı üzrə dərc etdiyi “Pul Siyasəti İcmalı”nda bildirilir.

İcmala əsasən, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) hesablamalarında sentyabrda yeni tikili mənzillərdə kirayə qiymətləri aylıq 3,1%, köhnə tikililərdə isə 1,1% yüksəlib.

AQP-nin məlumatına görə, sentyabrda yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edib.

Eyni zamanda, 2026-cı ilin üçüncü rübündə ölkədə mənzil bazarında qiymət indeksi illik 8,4% artıb. İlkin mənzil bazarında bahalaşma 10,4%, təkrar bazarda isə 8,4% olub.

Qiymətlərinin kəskin ucuzlaşması gözlənilmir

AQP-nin sədr müavini Günay İsmayılqızı “Musavat.com”a bildirib ki, kirayə bazarındakı bahalaşma iqtisadi, demoqrafik və struktur amillərlə bağlıdır.

Onun sözlərinə görə, mənzil satış qiymətlərinin artması ev almaq imkanları məhdud olan əhalinin kirayə bazarına yönəlməsini sürətləndirir. Bakıda ali təhsil müəssisələrinin və iş yerlərinin cəmləşməsi də tələbi artırır. Bununla belə, aşağı və orta gəlirli əhali üçün əlçatan mənzil təklifi eyni sürətlə genişlənmir.

AQP rəsmisi mənzil sahiblərinin bəzi hallarda mövsümi tələbdən istifadə edərək qiymətləri bazar səviyyəsindən yüksək müəyyənləşdirə bildiyini də qeyd edib. Onun fikrincə, elan qiymətləri ilə faktiki kirayə müqavilələrində razılaşdırılan məbləğlər fərqlənə bilər.

Günay İsmayılqızı yaxın aylarda kirayə qiymətlərinin kəskin ucuzlaşacağını gözləmir. Bununla yanaşı, mövsümi tələbin zəifləməsi nəticəsində bəzi seqmentlərdə sabitləşmə mümkündür. Xüsusilə metro stansiyalarına, universitetlərə və iş mərkəzlərinə yaxın ərazilərdə qiymətlərin yüksək qalması ehtimalı daha böyükdür.

Qeyd edək ki, AQP-nin daha yeni, oktyabr hesabatına əsasən, sentyabrdakı bahalaşmadan sonra həm yeni, həm də köhnə tikililərdə kirayə qiymətləri aylıq 1,8% azalıb.