Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Opera Studiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri “Leyli və Məcnun” operası təqdim olunub. Teatrdan AZƏRTAC-a bildirilib ki, iki pərdəli, beş şəkilli opera Əməkdar artist Gülüstan Əliyevanın səhnə fəaliyyətinin 30 illiyinə həsr edilib.Tamaşada Leyli obrazını Əməkdar artist Gülüstan Əliyeva, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıb. Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Afaq Ağayeva, Məcnunun atası rolunda Əməkdar artist Təyyar Bayramov, anası rolunda Humay Məmmədova çıxış etdilər. İbn Salam obrazını Fuad Əzizzadə, Nofəli Əməkdar artist Cahangir Qurbanov, Zeydi Nəzər Bəylərov, Şeyxi isə Xəyal Hüseynov ifa ediblər.Operanın dirijoru və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə olub. Solo tarda müşayiəti Əməkdar artist Elxan Mansurov həyata keçirib.Tamaşanın xüsusi əhəmiyyəti isə Azərbaycan opera sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar artist Gülüstan Əliyevanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunması ilə bağlıdır. Leyli obrazının ifası ilə tamaşaçılara bir daha öz sənət ustalığını nümayiş etdirən sənətkarın yubileyi teatrın sənət ənənələrinə və milli opera irsinə verilən dəyərin ifadəsidir.
Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası təqdim olunub
Mənbə: azertag.az/xeber/opera_ve_balet_teatrinin_teqdimatinda_leyli_ve_mecnun_operasi_teqdim_olunub-4511184