Tbilisi, 16 noyabr, AZƏRTAC Yaxın vaxtlarda Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Televiziyasının xüsusi auditoriyası açılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru Elçin Babayev məlumat verib.Onun sözlərinə görə, auditoriyada maraqlı texniki avadanlıqlar quraşdırılacaq və real media mühitinə yaxın şərait yaradılacaq.Bu model əsasında yeni nəsil telejurnalistlərin və radiojurnalistlərin hazırlanması işinə töhfə veriləcək. "Yaxınlarda BDU-da Azərbaycan Radiosunun 100 illiyinə həsr olunmuş konfrans da təşkil olunub. Biz çox fəxr edirik ki, məzunlarımız Azərbaycan Televiziyasında uğurla fəaliyyət göstərirlər və televiziyanın rəhbərliyi tədris-təhsil prosesinə xüsusi diqqət yetirir”, - deyə rektor qeyd edib. O bildirib ki, xüsusi auditoriyanın açılışı təxminən bir-iki ay çəkəcək, çünki maraqlı avadanlıqlar gətirilir. Dizayn hazırdır və hər iki tərəfdən təsdiqlənib. Auditoriya Jurnalistika fakültəsinin yerləşdiyi binada yaradılacaq. “AzTV auditoriyası adlandırılması ideyası biz tərəfdən irəli sürülüb və televiziyanın rəhbərliyi tərəfindən dəstəklənib. Düşünürəm ki, bu, gələcək nəsil jurnalistlər üçün böyük imkandır və bu proses daim dəstəklənməlidir”, - deyə rektor vurğulayıb. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi