Azərbaycanın NATO ilə tərəfdaşlığı müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun daimi nümayəndələrinin müavinləri komitəsi ilə “NATO+Azərbaycan” formatında görüş keçirib.

Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, görüş Azərbaycan–NATO tərəfdaşlığında əldə olunan irəliləyişi qiymətləndirmək, regional və beynəlxalq gündəlikdəki prosesləri müzakirə etmək imkanı yaradıb.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı ilə ardıcıl töhfə verib. İllər ərzində əməkdaşlıq siyasi dialoq, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.

“Azərbaycan 1994-cü ildə bu tərəfdaşlığa müharibə və qeyri-müəyyənlik şəraitində qoşulub. Bu gün isə biz sizinlə bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət mövqeyindən danışırıq. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, bir-biri ilə əlaqəli və sülh içində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da inkişaf etdirməyə hazırıq”, – deyə Hikmət Hacıyev vurğulayıb.