Tbilisi, 16 noyabr, AZƏRTAC Azərbaycan və Gürcüstan universitetlərinin böyük potensialı var və bir çox sahələrdə fərdi səviyyədə əməkdaşlıq kifayət qədər güclüdür. Bu barədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan Rektorlar Konfransı çərçivəsində AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, artıq bu əməkdaşlığın institusional səviyyəyə qaldırılması müzakirə olunur. Rektor deyib: "Birinci Gürcüstan-Azərbaycan Rektorlar Konfransının məqsədi məhz əldə edilmiş təcrübənin bölüşülməsi, birgə fəaliyyət proqramının müzakirə olunması və ən qısa zamanda uğurla həyata keçirilməsinə nail olunmasıdır. Biz düşünürük ki, ilk olaraq elmi tədqiqatlardan başlaya bilərik və bu istiqamətdə öncül və prioritet sahələrin müəyyənləşdirilməsi çox vacibdir. Həm ənənəvi sahələr, həm də müasir elmi trendlər nəzərə alınmalıdır”. Rektor təhsil sahəsində ikili diplom proqramlarının təsis olunmasının, akademik heyətin mübadiləsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında məsafənin qısa olması və bir çox oxşarlıqların mövcudluğu bu təşəbbüslərin uğurla həyata keçirilməsinə imkan verir. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi