Azərbaycanın valyuta ehtiyatları rekord həddə çatıb: Manatın dayanıqlılığı nə qədər davamlı olacaq?

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin valyuta bazarı və maliyyə sektorundakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, ölkədə dollarlaşma səviyyəsi azalmaqda, Mərkəzi Bankın valyuta ehtiyatları isə artmaqda davam edir. Bu göstəricilər milli valyutaya inam, manatın dayanıqlılığı və ölkənin maliyyə təhlükəsizliyi ilə bağlı mühüm suallar doğurur.

Bəs, açıqlanan müsbət iqtisadi göstəricilər manatın gələcək məzənnəsi və dayanıqlılığı baxımından hansı perspektivləri yaradır?

Bu tendensiya uzunmüddətli dövrdə davamlı ola bilərmi və vətəndaşlar öz yığımlarını manatla saxlamağa nə dərəcədə güvənə bilərlər?

Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan artıq on ildən artıqdır manatın məzənnə sabitliyini qorumaqla ölkədə makroiqtisadi tarazlığı təmin edir:

"Çünki hökumətin hazırkı strateji yanaşmasının əsasını makroiqtisadi tarazlığın qorunması təşkil edir. Bu baxımdan manatın məzənnə sabitliyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Manatın məzənnə sabitliyini qorumaq üçün mühüm resurslara ehtiyac var və bu gün Azərbaycan həmin resurslara sahibdir. Belə ki, maliyyə sektorumuz kifayət qədər dayanıqlıdır və hər hansı ciddi risk mövcud deyil.

Buna görə də hesab edirəm ki, ölkənin maliyyə təhlükəsizliyinin təmin edilməsi, eləcə də milli valyutaya etimadın yüksək səviyyədə saxlanılması qarşıdakı dövrlərdə də davam edəcək.

Bilirsiniz, vətəndaşlara maliyyə investisiyası və ya yığım vasitələrinin seçilməsi ilə bağlı birbaşa tövsiyə vermək doğru olmaz. Bununla belə, ümumi qiymətləndirməmə əsasən, manatın yaxın və ortamüddətli perspektivdə etibarlı imicini qoruyacağı ehtimalı yüksəkdir.

Yığım vasitəsi kimi hansı istiqamətə üstünlük verilməsinə gəlincə, məlum olduğu kimi, bütün yumurtaları bir səbətə yığmazlar. Yəni vəsaitin həcmi böyük olduqda onun hamısının manatda, dollarda, daşınmaz əmlakda və ya qızılda saxlanılmasını tövsiyə etmək düzgün olmaz.

Çünki mövcud vəsait müxtəlif istiqamətlər üzrə nə qədər şaxələndirilərsə, risklərin idarə edilməsi baxımından bir o qədər effektiv nəticə əldə etmək mümkündür".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor