Paşinyan Antalyadan götürdüyü bananı 2 gün sonra İrəvana gətirdi – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın bananla bağlı sosial şəbəkələrdə gündəm olan videosunun yeni davamı ortaya çıxıb.

N.Paşinyan bu dəfə özünün Facebook hesabında İrəvanda, iş otağına qayıtması ilə bağlı görüntülər paylaşıb. Videoda diqqətçəkən məqam onun pencəyinin cibindən banan çıxarması olub.

Beləliklə, Ermənistanın Baş nazirinin Türkiyənin Antalya şəhərindən özü ilə götürdüyü banan üç günlük səfərdən sonra yenidən gündəmə gəlib.

Xatırladaq ki, noyabrın 11-də N.Paşinyan COP31 Liderlər Sammitində iştirak etmək üçün Antalyada olarkən otel otağında səfərə hazırlaşdığı anları əks etdirən video paylaşmışdı. Görüntülərdə o, masanın üzərindəki bananı götürərək pencəyinin cibinə qoymuş və zarafatla onun yolda lazım olacağını bildirmişdi.

Noyabrın 12-də isə Ermənistanın Baş naziri İrlandiyanın paytaxtı Dublindən paylaşdığı videoda həmin bananı cibindən çıxararaq masanın üzərinə qoymuşdu. O, bununla Antalyadan Dublinə qədər bananı özü ilə apardığını nümayiş etdirmişdi.

İndi isə N.Paşinyan İrəvanda çəkilən yeni videoda bananı yenidən göstərib.

Qeyd edək ki, Paşinyanın bu qeyri-rəsmi görüntüləri sosial şəbəkələrdə və mediada müzakirə doğurub. Bəziləri bunu Baş nazirin maraqlı piar aksiyası, bəziləri isə hökumət rəhbərinə yaraşmayan qeyri-ciddi addım kimi qiymətləndirib.