ESA “Evklid” teleskopunun 900 milyondan çox qalaktikanı əhatə edən məlumatlarını yayımlayıb

Avropa Kosmik Agentliyi (ESA) kainatın genişmiqyaslı strukturunu xəritələşdirmək məqsədilə orbitdə fəaliyyət göstərən “Evklid” teleskopunun missiyası çərçivəsində ilk böyük məlumat toplusunu, o cümlədən 900 milyondan çox qalaktikanın müşahidələrini yayımlayıb.

Noyabrın 12-də açıqlanan məlumatlar Yerdən müşahidə edilən Ayın görünən ölçüsündən təxminən 9500 dəfə böyük səma sahəsini əhatə edir.

Missiyanın əsas məqsədi 2031-ci ilədək səmanın üçdəbirindən çoxunu əhatə edən ən böyük üçölçülü kosmos atlasını hazırlamaqdır.

Yayımlanan məlumatlar “Evklid” missiyasının təxminən 13 aylıq müşahidələrini əhatə edir və ümumilikdə 1,7 petabayt, yəni 1,7 milyon giqabayt həcmindədir.

“Bu, ESA-nın “Evklid” missiyası və layihədə iştirak edən hər kəs üçün böyük bir mərhələdir”, - deyə missiyanın astronomu Valeriya Pettorino bildirib.

2023-cü ildə Floridadan kosmosa buraxılan “Evklid” teleskopu kainatın genişlənməsi, onun strukturunun zamanla formalaşması, qaranlıq enerji və qaranlıq maddənin təbiəti, eləcə də cazibə qüvvəsinin böyük kosmik miqyaslarda rolu haqqında məlumatlar toplayır.

“Evklid” təkcə qalaktikaların ikiölçülü görüntülərini əldə etməyəcək, həm də onların məsafəsini, yəni üçüncü ölçüsünü müəyyənləşdirəcək. Bu, qalaktikaların məkan və zamanda, 10 milyard il ərzində və bütün istiqamətlərdə, o cümlədən bizim qalaktik müstəvimizdən kənarda yerləşməsini öyrənməyə imkan verəcək”, - deyə Pettorino qeyd edib.

Kainat adi maddə ilə yanaşı, qaranlıq maddə və qaranlıq enerjidən ibarətdir.

Ulduzlar, planetlər, qaz, toz və Yer kürəsindəki bütün tanış cisimlər də daxil olmaqla, adi maddə kainatın təxminən 5 faizini təşkil edir. Qalaktik miqyaslarda cazibə qüvvəsinə təsir göstərən qaranlıq maddənin kainatın təxminən 27 faizini təşkil etdiyi güman edilir. Kainatın sürətlənən genişlənməsinə səbəb olduğu düşünülən qaranlıq enerjinin payı isə təxminən 68 faizdir.

Qaranlıq maddə və qaranlıq enerji işıq yaymadığı və udmadığı üçün onları birbaşa müşahidə etmək mümkün deyil.

Qeyd edək ki, “Evklid” missiyasının əvvəlki məlumat buraxılışları cəmi bir neçə günlük müşahidələri əhatə edib. Yeni məlumat toplusu isə bir ildən çox müddətdə aparılmış müşahidələrə əsaslanır. Bununla belə, bu məlumatlar teleskopun altı il ərzində görünən və yaxın infraqırmızı işıq diapazonlarında tədqiq etməyi planlaşdırdığı ümumi kosmik sahənin yalnız 14 faizini əhatə edir.

Məlumatların növbəti mərhələdə gələn il qaranlıq enerji və qaranlıq maddə ilə bağlı ilk elmi nəticələrlə tamamlanması gözlənilir.