5000 illik 8 çörək tapıldı

Türkiyənin qərbində arxeoloqlar Erkən Tunc dövrünə aid, təxminən 5 min il yaşı olan səkkiz çörək tapıblar. Qalıqların günümüzədək qorunub saxlanılması qədim dövrdə baş vermiş yanğın sayəsində mümkün olub.

Çörəklər Kütahya vilayətində yerləşən Seyitömer təpəsində aparılan qazıntılar zamanı aşkarlanıb. Onların tapıldığı otaqda buğda və mərcimək qalıqları da üzə çıxıb.

Məlumata görə, 2025-ci ildə arxeoloqlar həmin otaqda soba və divar boyunca yerləşən rəfin qalıqlarını aşkar ediblər. Səkkiz kömürləşmiş çörək isə rəfin ayaqları arasında olub.

Qazıntı rəhbəri, Kütahya Muzeyinin direktoru Sevgi Gürdalın sözlərinə görə, yanğından əvvəl rəfdə çörək və digər kənd təsərrüfatı məhsulları saxlanılıb. Yanğın zamanı rəf uçub, ərzaqlar ətrafa dağılıb.

Maraqlıdır ki, məhz yanğın qədim ərzaqları məhv olmaqdan xilas edib. Yüksək temperatur nəticəsində məhsullar kömürləşərək çürüməyib və minilliklər ərzində torpaq altında qorunub saxlanılıb.

Çörəklərin yanında buğda və mərcimək qalıqlarının tapılması həmin otağın həm yemək hazırlamaq, həm də ərzaq ehtiyatlarını saxlamaq üçün istifadə edildiyini göstərir. Bununla belə, laboratoriya tədqiqatlarının nəticələri hələ açıqlanmadığından çörəyin hansı üsulla hazırlandığı və tərkibinin necə olduğu məlum deyil.

Seyitömer təpəsi Kütahya şəhərindən təxminən 25 kilometr şimal-qərbdə yerləşir. Bu ərazi Anadolunun ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Burada Erkən və Orta Tunc dövrlərinə, eləcə də Əhəmənilər, Ellinizm və Roma dövrlərinə aid yaşayış izləri aşkarlanıb.

Arxeoloji qazıntılar zamanı indiyədək 17 mindən çox artefakt tapılıb. Beş min illik çörəklər, buğda və mərcimək qalıqları hazırda Kütahya Arxeologiya və Mədənçilik Muzeyində nümayiş etdirilir.

Qeyd edək ki, Seyitömer təpəsində xilasetmə xarakterli arxeoloji qazıntılara ərazinin altında yerləşən linyit kömür yataqları səbəbindən 1989-cu ildə başlanılıb. Sonrakı illərdə tədqiqatlarda müxtəlif muzey idarələri və Kütahya Dumlupınar Universiteti iştirak edib.