"Microsoft"un xidmətlərində qlobal nasazlıq baş verib – minlərlə istifadəçi problem yaşayır

"Microsoft"un bir sıra xidmətlərində qlobal miqyasda texniki problemlər qeydə alınıb.

Müxtəlif ölkələrdə istifadəçilər Outlook, Teams, süni intellekt əsaslı səs köməkçisi Copilot və Microsoft 365 xidmətlərinin fəaliyyətində fasilələrlə üzləşiblər.

Ən çox şikayət Hindistandan daxil olub. Belə ki, bu ölkədə 3 300-dən çox istifadəçi problemlə bağlı müraciət edib. Almaniyada şikayətlərin sayı 2 000-i ötüb. Niderland, Fransa və digər ölkələrdə də oxşar hallar qeydə alınıb.

Məlumata görə, noyabrın 12-də ABŞ-da 130 mindən çox istifadəçi Microsoft məhsullarının fəaliyyətində problemlər yaşandığını bildirib.

Qeyd edək ki, daha əvvəl Telegram messencerində də genişmiqyaslı texniki nasazlıq baş vermişdi. ABŞ, Almaniya, İspaniya, Xorvatiya və Fransa da daxil olmaqla bir sıra ölkələrdə istifadəçilər bildirişlərin işləməməsi və hesablara daxil olmaqda çətinliklərlə üzləşmişdilər.