Azərbaycanda 2028-ci ildə Avropa Siyasi Birliyi (ASB) sammitinin keçirilməsi mühüm hadisə, ümumavropa əməkdaşlıq və təhlükəsizliyinə töhfə olacaq.
Bu barədə Dublində Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.
"Biz bilirik ki, Azərbaycan təxminən il yarım sonra Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Hesab edirəm ki, bu, mühüm hadisə və ümumi Avropa əməkdaşlığına və təhlükəsizliyinə töhfədir", - Plenkoviç deyib.
O, həmçinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə müsbət dinamikanı qeyd edib.
"Vacib olan odur ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və bu, çox yaxşıdır. Məhz bunu mən həm (Azərbaycan) Prezidenti İlham Əliyevdən, həm də (Ermənistanın) Baş naziri Nikol Paşinyandan eşitmişəm", - Xorvatiyanın Baş naziri vurğulayıb.