İntizam Komitəsinin qərarları dəyişdirildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının intizam qərarları ilə bağlı verdiyi şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Hər iki klubun müraciəti qismən təmin olunub.

Oktyabrın 18-də AFFA U-13 Liqasının “Alanyaspor Baku” – “Step FK” matçının 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə alan Cəbrayıl Hüseynovun cəzası yüngülləşdirilib. İntizam Komitəsinin 20 oktyabr tarixli qərarı ilə futbolçuya verilən 3 oyunluq cəza dəyişdirilərək 2 oyunluq diskvalifikasiya ilə əvəzlənib.

Oktyabrın 17-də AFFA Gənclər Liqasının “Lion” – “Turan Tovuz” görüşünün 80-ci dəqiqəsində rəqib qapıçını təhqir etdiyinə görə meydandan qovulan Həsən Hüseynovun 6 oyunluq cəzası və klubun 1200 manat məbləğində cərimələnməsi barədə İntizam Komitəsinin qərarı ləğv edilib. Normanın düzgün tətbiq olunmaması səbəbindən iş yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb, şikayət qalan hissədə təmin edilməyib.

Hər iki iş üzrə maraqlı tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından İsveçrənin Lozanna şəhərində yerləşən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüquqlarının olduğu izah edilib.