Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib.

Moderator.az-ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka brifinq zamanı jurnalistlərə məlumat verib.

"Cənab nazir müavini Bartoşevski istefa ərizəsini təqdim etdi. Baş nazir Donald Tusk Dublindən qayıtdığı zaman bu məktubla tanış olacaq, baş nazirin müavini Vladislav Kosinyak-Kamışla danışacaq və bu məsələ ilə bağlı qərar verəcək", - deyə Şlapka bildirib.

Qeyd edək ki, noyabrın əvvəlində Polşa Milli Prokurorluğu Vladislav Teofil Bartoşevskini başqasına məxsus təxminən 3 milyon dollar əmlakın mənimsənilməsində ittiham edib.

İstintaqın versiyasına görə, Bartoşevski 2004-cü ildən bəri Andjey Çexanovetskinin onun idarəçiliyinə həvalə edilmiş əmlaklarını, 2005-ci ilin sentyabrından isə "Non Omnis Moriar" Fondunun vəsaitlərini idarə edib. Prokurorluq vurğulayıb ki, siyasətçi fondun vəsaitləri hesabına 2005-2006-cı illərdə Varşavada əldə edilmiş üç mənzilin alınmasını, tamamlanmasını və mebellə təchiz edilməsini maliyyələşdirib. Bartoşevskiyə qarşı irəli sürülmüş ittihamlar üzrə onu 10 ilə qədər həbs cəzası gözləyir.

Qurum Bartoşevskinin həbsini tələb etmək niyyətində deyil, siyasətçinin özü isə bu iş üzrə proses çərçivəsində deputat toxunulmazlığından imtina edib.