Şəki, 13 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluğun Antikorrupsiya Elm-Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbiri “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təhsil işçilərinin məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və korrupsiyaya qarşı davranışın formalaşdırılması məqsədilə təşkil olunub. Tədbirdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki rayon prokuroru Anar Nəsibov, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və idarənin əməkdaşları iştirak ediblər. Çıxışlar zamanı Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizədə strateji əhəmiyyəti, məqsəd və hədəfləri, icrasından əldə olunan müsbət nəticələr, eləcə də Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluq arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin nazirlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticələri, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, dürüstlük və şəffaflıq prinsiplərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, idarənin böyük prokuroru Ziya Hacıyev, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti və preventiv mexanizmlərin rolu diqqətə çatdırılıb. Həmçinin dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə məsələlərə toxunulub. Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.