“Zolotaya Korona” Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarından biri olan “TBC Bank” vasitəsilə qəbul edilir.

Bu barədə noyabrın 12-də “Kommersant” nəşrləri məlumat yayıb.

Yeni qaydalara əsasən, Rusiyadan göndərilən vəsaiti Gürcüstanda “TBC Bank”ın filiallarında nağd şəkildə əldə etmək və ya birbaşa bank hesabına köçürmək mümkündür. Digər banklar vasitəsilə vəsaitin alınması hələlik əlçatan deyil.

Əvvəllər “Zolotaya Korona” köçürmələrini “Bank of Georgia”, “Credo Bank” və mikromaliyyə təşkilatları vasitəsilə də əldə etmək mümkün idi.

Xatırladaq ki, 2026-cı ilin iyulunda Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan sonra ödəniş sistemi Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırmışdı.

Sanksiyalar sistemin operatoru və hesablaşma mərkəzi olan Rusiyanın “RNKO Platyojnıy Sentr” təşkilatına tətbiq edilmişdi.

Noyabrın 12-də “TBC Bank”ın nümayəndələri də “Zolotaya Korona” vasitəsilə pul köçürmələrinin bərpa olunduğunu təsdiqləyiblər.

Bununla belə, Gürcüstanda xidmətin yenidən fəaliyyətə başlaması digər ölkələrə köçürmələrin də tam bərpa edildiyi anlamına gəlmir.

“Zolotaya Korona” Rusiyadan xaricə bank hesabı açmadan pul göndərmək imkanını təmin edən beynəlxalq ödəniş sistemidir.