Bu gün bir çox valideyn övladının maddi ehtiyaclarını qarşılamağı yaxşı valideyn olmaq üçün kifayət hesab edir. Lakin uşağın dinlənilməməsi, hisslərinin kiçildilməsi və daim başqaları ilə müqayisə edilməsi ailə daxilində emosional məsafə yarada bilər. Bəzən eyni evdə yaşayan valideyn və övlad bir-birinin daxili dünyasından xəbərsiz olur.
Maraqlıdır, valideynlə övlad arasında emosional bağın zəifləməsinə səbəb olan əsas davranışlar hansılardır və bu məsafə gələcəkdə hansı psixoloji problemlərə yol aça bilər?
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, valideyn olmaq yalnız uşağın maddi ehtiyaclarını qarşılamaq deyil, onun emosional dünyasına da toxuna bilməkdir:
“Bu gün bir çox valideyn düşünür ki, uşağına yaxşı geyim, keyfiyyətli təhsil və rahat həyat şəraiti təmin edirsə, deməli, valideynlik vəzifəsini yerinə yetirir. Halbuki uşağın ehtiyacları yalnız yemək, geyim və təhsillə məhdudlaşmır. Onun ən böyük ehtiyaclarından biri də eşidilmək, anlaşılmaq, qəbul olunmaq və özünü güvəndə hiss etməkdir.
Valideynlə övlad arasında emosional məsafə yaradan əsas davranışlardan biri uşağın hisslərini kiçiltməkdir. Məsələn, uşaq ağlayanda ona “Burada ağlamalı nə var?”, “Şişirtmə”, “Sən hələ nə görmüsən?” kimi ifadələr işlətmək onun hisslərinin əhəmiyyətsiz olduğu mesajını verir.
Digər mühüm səbəb uşağı daim başqaları ilə müqayisə etməkdir. “Filankəsin uşağına bax, sən niyə belə deyilsən?” kimi ifadələr uşağın özünəinamına və öz dəyərini hiss etməsinə mənfi təsir göstərə bilər.
Bununla yanaşı, uşağı dinləmədən mühakimə etmək, onun əvəzinə daim qərarlar vermək, yalnız uğur qazandıqda təqdir etmək və sevgini müəyyən şərtlərlə ifadə etmək də valideynlə övlad arasında emosional bağın zəifləməsinə səbəb olur.
Uşaqlıq dövründə emosional ehtiyacları qarşılanmayan insanlarda gələcəkdə aşağı özünəinam, tərk edilmə qorxusu, həddindən artıq təsdiq və sevgi ehtiyacı, insanlarla münasibətlərdə güvənsizlik, emosiyaları ifadə etməkdə çətinlik və narahatlıq problemləri yarana bilər.
Bəzi uşaqlar böyüdükdə hər kəsi razı salmağa çalışır, “yox” deməkdə çətinlik çəkir və səhv etməkdən qorxurlar. Çünki uşaqlıqda sevgini və qəbul olunmağı müəyyən davranışlarla qazanmalı olduqlarını öyrəniblər.
Valideynlər uşaqları ilə ünsiyyətdə daha diqqətli olmalı, onlar danışarkən sadəcə eşitməklə kifayətlənməyib, həqiqətən dinləməlidirlər. Uşağın hisslərini dəyişdirməyə və ya düzəltməyə çalışmazdan əvvəl onu anlamaq vacibdir. Hər gün ən azı 15-20 dəqiqə telefonsuz, bütün diqqəti uşağa yönəldərək vaxt keçirmək emosional bağın möhkəmlənməsinə kömək edə bilər.
Uşağa bahalı hədiyyələr almaq gözəldir, amma onun üçün ən dəyərli hədiyyələrdən biri valideyninin diqqəti, sevgisi və emosional əlçatanlığıdır.
Uşaq böyüdükdə valideyninin ona nə aldığını deyil, onun yanında özünü necə hiss etdiyini də xatırlayır”.
//Gülnarə Abasova, Editor.az