Dünyanın müxtəlif ölkələrində milyonlarla istifadəçinin yararlandığı Microsoft xidmətlərində baş verən genişmiqyaslı nasazlıq elektron poçt və iş proseslərində ciddi çətinliklər yaradıb. Xüsusilə Outlook istifadəçilərinin üzləşdiyi problem Teams, Copilot və Microsoft 365 platformasının digər xidmətlərinə də təsir göstərib.
Noyabrın 12-də qeydə alınan texniki nasazlıqla bağlı istifadəçilər müxtəlif platformalarda şikayətlərini bölüşüblər. Downdetector xidmətində yayımlanan məlumatlara əsasən, problem xüsusilə ABŞ-da geniş yayılıb.
Microsoft sosial şəbəkədəki açıqlamasında bildirib ki, Amerika, Avropa, Afrika və dünyanın digər bölgələrindəki istifadəçilər Exchange Online poçt qutularına müxtəlif bağlantı üsulları ilə daxil olmaqda çətinlik çəkiblər.
Şirkətin ilkin izahına görə, infrastrukturun müəyyən hissəsinə həddindən artıq yük düşüb. Bunun nəticəsində sistemdə xətalar yaranıb. Problemi aradan qaldırmaq üçün istifadəçi trafiki müxtəlif server infrastrukturları arasında yenidən bölüşdürülməyə başlanıb.
Teams xidmətində də vəziyyət tədricən normallaşsa da, bəzi istifadəçilər problemlərin davam etdiyini bildiriblər.
Outlook açılmırsa, nə etmək lazımdır?
Mütəxəssislər belə hallarda ilk növbədə problemin davam edib-etmədiyini yoxlamağı tövsiyə edirlər.
Microsoft xidmətlərin vəziyyəti ilə bağlı yenilikləri X platformasındakı @MSFT365Status hesabında paylaşır. İstifadəçilər həmçinin status.cloud.microsoft səhifəsindən xidmətlərin işlək vəziyyətini izləyə bilərlər.
Şirkət administratorları isə Microsoft 365 idarəetmə mərkəzində xüsusi xidmət vəziyyəti bölməsinə daxil olaraq davam edən və artıq həll edilmiş nasazlıqlar barədə məlumat əldə edə bilərlər.
Lakin Outlook işləmədikdə sadəcə başqa tətbiqə keçmək problemi həmişə həll etmir. Çünki nasazlıq birbaşa Exchange Online serverlərinə bağlantı ilə əlaqəli olduqda, həm mobil, həm masaüstü, həm də veb versiyalarda eyni çətinlik yarana bilər.
İnternet olmasa belə, Outlook-da işləmək mümkündürmü?
Microsoft 365 və Exchange hesabı ilə masaüstü Outlook istifadə edənlər üçün müəyyən çıxış yolu var.
Proqramda mövcud olan Exchange Keş Rejimi (Cached Exchange Mode) vasitəsilə əvvəlcədən kompüterdə saxlanılmış məktublar və digər məlumatlarla internet bağlantısı zəif olduqda və ya olmadıqda da işləmək mümkündür.
Ancaq bu funksiya POP və IMAP hesablarında işləmir.
Bundan başqa, Outlook-un bəzi versiyalarında “Göndər/Qəbul” bölməsində yerləşən “Oflayn işlə” funksiyasından istifadə etmək olar. Bu imkan Microsoft 365 üçün Outlook-da, eləcə də 2021, 2019 və 2016 versiyalarında mövcuddur.
Beləliklə, istifadəçilər kompüterlərində əvvəlcədən saxlanılmış məktubları oxuya və yeni mesajlar hazırlaya bilərlər. Lakin internet bağlantısı bərpa olunana qədər həmin məktubların göndərilməsi mümkün olmaya bilər.
Outlook və Teams işləmədikdə hansı xidmətlərdən istifadə etmək olar?
İş prosesinin dayanmasını istəməyənlər Microsoft-dan asılı olmayan alternativ platformalara üz tuta bilərlər.
Məsələn, komanda üzvləri arasında yazışmalar üçün Slack və Google Chat xidmətlərindən istifadə etmək mümkündür. Böyük həcmli faylları isə WeTransfer və ya Google Drive vasitəsilə paylaşmaq olar.
Qeyd edək ki, Teams də həmin gün nasazlıqdan təsirləndiyi üçün problem tam aradan qalxana qədər alternativ ünsiyyət vasitələrinə üstünlük vermək daha məqsədəuyğundur.
Outlook əvəzinə hansı elektron poçt xidmətlərini seçmək olar?
Baş verən nasazlıq bəzi istifadəçiləri alternativ elektron poçt xidmətləri barədə düşünməyə vadar edə bilər. Bu zaman bir vacib məqamı nəzərə almaq lazımdır: elektron poçt proqramı ilə poçt xidmətinin özü eyni şey deyil.
Məsələn, Thunderbird proqramını kompüterə quraşdıraraq Microsoft 365 hesabına qoşulmaq mümkündür. Ancaq bu halda məktublar yenə Microsoft serverlərində saxlanılır. Yəni yalnız proqramı dəyişməklə serverdən qaynaqlanan nasazlıqdan xilas olmaq mümkün deyil.
Microsoft-dan tamamilə fərqli xidmətə keçmək istəyənlər isə yeni elektron poçt hesabı yaratmalıdırlar.
Alternativlər arasında Gmail və Proton Mail xüsusi diqqət çəkir.
Gmail – Google tərəfindən təqdim olunan pulsuz elektron poçt xidmətidir. Android və iOS tətbiqləri mövcuddur. Google Drive, Calendar və Meet kimi digər xidmətlərlə inteqrasiya olunur. Lakin yaddaş sahəsi digər Google xidmətləri ilə ortaq istifadə edilir. Öz domen adı ilə elektron poçt yaratmaq üçün isə ödənişli Google Workspace tələb olunur.
Proton Mail – İsveçrədə yerləşən, açıq mənbəli texnologiyalardan istifadə edən elektron poçt xidmətidir. Şifrələmə imkanları, veb versiyası, Android və iOS tətbiqləri ilə seçilir. Pulsuz istifadə paketi də var. Ancaq şəxsi domenlə elektron poçt yaratmaq yalnız ödənişli paketlərdə mümkündür.
Microsoft xidmətlərində yaşanan son nasazlıq bir daha göstərdi ki, gündəlik iş və yazışmaların yalnız bir platformadan asılı olması gözlənilməz problemlər yarada bilər. Buna görə də vacib məlumatların ehtiyat nüsxəsini saxlamaq və alternativ ünsiyyət vasitələrinə sahib olmaq faydalıdır.
\\ Aydan Bünyatova, Editor.az