“Pandemiyadan sonra ikinci pandemiyanın baş verməsi real görünmür, amma...” – Professor

COVID-19 pandemiyasının başa çatmasından bir neçə il keçməsinə baxmayaraq, koronavirus mutasiyaya uğramaqda və yeni ştammlar şəklində yayılmaqda davam edir.

Payız-qış mövsümündə respirator infeksiyaların aktivləşməsi fonunda yeni variantların yayılma ehtimalı, yoluxma riskləri və mümkün profilaktik tədbirlər yenidən diqqət mərkəzinə gəlir.

Bəs koronavirusun yeni ştammları qarşıdakı aylarda yoluxma hallarının artmasına səbəb ola bilərmi?

Mövcud virus variantları insan sağlamlığı üçün hansı riskləri yaradır və pandemiya dövründəki ağır vəziyyətin təkrarlanması ehtimalı varmı?

Mövzu ilə bağlı Moderator.az-a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla açıqlama verib.

Professor qeyd edib ki, pandemiya konkret virus ştammının yayılması ilə başlayır və pandemiya başa çatdıqda onun yaratdığı qlobal epidemioloji vəziyyət də sona çatır:

"Bununla belə, RNT tərkibli virusların mutasiyaya uğraması onların bioloji xüsusiyyətlərinin, o cümlədən davranış və yayılma xarakterinin dəyişməsinə səbəb ola bilər. Məhz bu səbəbdən virusun müxtəlif mutasiya variantları fərqli xüsusiyyətlər nümayiş etdirir.

Adətən, bir pandemiyadan sonra eyni virusun yenidən pandemiya səviyyəsində yayılması real görünmür. COVID-19 pandemiyası dövründə həyata keçirilən vaksinasiya tədbirləri infeksiyanın yayılma zəncirinin qırılmasında mühüm rol oynadı.

Lakin pandemiyanın başa çatması ayrı-ayrı epidemik yoluxmaların tamamilə aradan qalxması demək deyil. Omikron ştammının yeni mutasiya variantları da meydana çıxmaqda davam edir.

Nəzərə almaq lazımdır ki, koronaviruslar, xüsusilə mövsümi dövrlərdə, insanlarda müxtəlif dərəcəli soyuqdəymə əlamətləri yaradan viruslar kimi uzun müddətdir mövcuddur.

XX əsrin 60-cı illərindən etibarən heyvanlardan insanlara keçə bilən koronavirusların müxtəlif variantları tədricən mutasiyaya uğrayaraq SARS-CoV-1, MERS-CoV və SARS-CoV-2 kimi təhlükəli virusların meydana çıxmasına səbəb olub.

Bu virusların yayılması nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. Bununla yanaşı, koronavirusların daha yüngül gedişli, mövsümi xarakter daşıyan variantları da mövcudluğunu qoruyub saxlayır".

Adil Qeybulla vurğulayıb ki, buna görə də koronavirusun gələcəkdə qrip kimi insan həyatının daimi epidemioloji amillərindən birinə çevriləcəyi proqnozlaşdırılır:

"Hesab edirəm ki, koronavirus da qrip kimi bundan sonra da mövcud olacaq. Bununla belə, xəstəliyin ağırlaşma və ölüm halları ilə nəticələnə bilməsi təhlükəsi nəzərə alınmalı, insanlar fərdi qorunma tədbirlərinə riayət etməlidirlər.

Ümumilikdə, virus infeksiyalarının yayılma intensivliyi artdıqca bu istiqamətdə risklər də yüksələ bilər.

Xüsusilə heyvanlardan insanlara keçən virusların sayının artması gələcəkdə bu cür epidemioloji mənzərələrlə daha tez-tez qarşılaşma ehtimalını artırır.

Bu baxımdan, ilk növbədə, hər bir insan həm öz sağlamlığını, həm də ətrafındakıların sağlamlığını qorumağa məsuliyyətlə yanaşmalıdır.

Xəstəlik əlamətləri müşahidə olunduqda maskadan istifadə etmək, digər insanlarla yaxın təmasdan çəkinmək, məsafə saxlamaq və tam sağalanadək ev şəraitində qalmaq vacibdir.

İnsanlar bu məsələyə məsuliyyətlə yanaşaraq xəstə olduqları müddətdə başqalarını yoluxdurmamağa çalışsalar, infeksiyaların geniş yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür.

Təəssüf ki, bəzən xəstə insanlar maskadan istifadə etmədən kollektivə qoşulur, öskürmə və asqırma yolu ilə ətrafdakıları yoluxdururlar. Daha sonra yoluxmuş şəxslər infeksiyanı ailə üzvlərinə və digər yaxınlarına ötürürlər. Beləliklə, yoluxma zənciri genişlənir.

Tənəffüs yolu infeksiyalarının əsas yayılma mexanizmlərindən biri hava-damcı yoludur. Buna görə də infeksiyanın ötürülmə yollarının məhdudlaşdırılması və mövcud profilaktik tövsiyələrə əməl olunması xüsusi əhəmiyyət daşıyır".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor